Mədəniyyət naziri Anar Kərimov mayın 20-də ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Nazir qonağı salamlayaraq Şuşada keçirilən “Postmünaqişə dövründə humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzulu  beynəlxalq konfransda iştirakına görə ona minnətdarlığını bildirib.

Salim bin Məhəmməd əl-Malik də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə təşəkkürünü bildirərək Azərbaycanla təşkilat arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə İCESCO-nun İslam dünyasının birliyi və həmrəyliyinə verdiyi töhfələrin önəmi qeyd edilib. Anar Kərimov baş direktorun tarixi Zəfərimizdən sonra Qarabağ ərazisinə növbəti səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin tarixi hadisə olduğu vurğulanıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İCESCO arasında təşkilatın Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti adından mədəniyyət naziri Anar Kərimov və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar.

Azərbaycanda İCESCO-nun regional ofisinin açılması təşkilatla üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə töhfə olmaqla yanaşı, qurum tərəfindən ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir.

Qeyd edək ki, Salim bin Məhəmməd əl-Malik Şuşada jurnalistlərə açıqlamasında İCESCO-nun regional ofisinin gələcəkdə ölkəmizin digər şəhərinə, o cümlədən Şuşaya köçürülməsinin mümkünlüyünü vurğulayıb.

1979-cu ildə yaradılan İCESCO-nun baş ofisi Mərakeşin paytaxtı Rabat şəhərində yerləşir.