Şuşa Qarabağın tacı, Azərbaycanın, ümumən Türk Dünyasının müqəddəs və əziz məkanıdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu sözləri 19-20 may tarixlərində Şuşada keçirilən “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzulu beynəlxalq konfransın “Dayanıqlı sülhün təməli – mədəni irs” adlı panelində çıxış edərkən deyib.
Prezident İlham Əliyev tərəfindən elan olunan “Şuşa İli” çərçivəsində keçirilən konfransın tarixi məna daşıdığını bildirən G.Əfəndiyeva qeyd edib ki, Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, bir çox dahi şəxsiyyətlərin, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin vətəni, qədim, əvəzsiz memarlıq abidələrinin yerləşdiyi şəhərdir. O diqqətə çatdırıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da 2022-ci ilin ilk tədbirini “Şuşa İli”nin açılışına həsr edib.
Fondun prezidenti vurğulayıb ki, Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi qədim şəhərimizin Türk dünyası üçün böyük mədəni əhəmiyyətə malik olduğunun göstəricisidir: “Şuşada həm bu il, həm də növbəti ildə möhtəşəm tədbirlər, konsertlər və sərgilər keçiriləcək. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu ilin qeyd olunmasında aktiv iştirak etməyi planlaşdırır. Əminəm ki, bu cür beynəlxalq tədbirlər Şuşanın timsalında bütövlükdə işğaldan azad olunmuş digər torpaqlarda da Qarabağın tarixi və mədəni irsinin qorunub saxlanmasına, mövcud həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasına öz töhfəsini verəcək...”.
G.Əfəndiyeva Qarabağda otuz ilə yaxın işğal dövründə ermənilər tərəfindən tarixi-mədəni irsə qarşı törədilən vandalizmdən bəhs edərək bildirib ki, azad torpaqlarda artıq Azərbaycan dövləti tərəfindən yenidənqurma işləri başlanıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bərpa işləri, dünyanın aparıcı mütəxəssislərinin bura gətirilməsi, konfransların, seminarların, təlimlərin keçirilməsi istiqamətində Azərbaycan dövlət qurumları ilə danışıqlar aparıb.
Fondun prezidenti çıxışının sonunda Qarabağda sülhün qarantı sayıla biləcək vacib məsələlərə diqqət çəkərək deyib: “Multikultural və tolerant dəyərlərin inkişafı, xalqların bir-birinin kimliyinə, maddi-mənəvi abidələrinə – bütövlükdə ümumbəşəri mədəni irsinə hörmətlə yanaşması davamlı sülhün təmin edilməsində böyük rola malik olacaq”.