Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Türkiyənin İzmir şəhərində konsert veriblər. Konsertlər layihənin “Şuşa İli”nə töhfəsi olaraq təşkil edilib.
Mayın 17-də İzmir Ege Universiteti Dövlət Türk Musiqi Konservatoriyasında təqdim olunan konsert proqramı dünya şöhrətli Azərbaycan bəstəkarı, əslən şuşalı olan Fikrət Əmirovun 100 illiyinə həsr edilib. Proqramda Fikrət Əmirovun əsərləri ifa olunub.
Konsertdə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçülərinin çıxışları böyük maraqla qarşılanıb.
“Gənclərə dəstək” layihəsi iştirakçılarının “Şuşa İli” çərçivəsində daha bir konserti İzmirdəki Suat Taşer Sənət Mərkəzində keçirilib.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Nurlanə Abdullazadə (vokal), Zümrüd Məmmədova (xanəndə), Zəminə Babayeva-Yalçın (qanun), Nuranə Əliyeva (piano), Elçin Hətəmli (tar), Surə Rüfət (violin), həmçinin Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyası Xalq çalğı alətləri orkestrinin qanun ifaçısı Natəvan Həsənova və onun tələbələri İlkanə Cəfərova, Təhminə Əlixanova, Ülviyyə Dadaşova, Zilhiccə İsmayılova çıxış ediblər. Bütün iştirakçıları pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət edib.
Konsertin sonunda Zümrüd Məmmədovanın ifasında səslənən “Qarabağ şikəstəsi” sürəkli alqışlarla qarşılanıb.
Tədbirin koordinatorları – Azərbaycan Dövlət Akademik Filarmoniyasının rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Ege Universiteti Dövlət Türk Musiqi Konservatoriyasının doktorantı, qanun ifaçısı Zəminə Babayeva-Yalçın, həmçinin bütün ifaçılar diplom və təşəkkürnamələrlə təltif olunublar.
İzmir Xalq Təhsili Mərkəzinin direktoru Suat Korkmaz “Gənclərə dəstək” layihəsinin təşkilatçılarına, Azərbaycan Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Filarmoniyasına təşəkkürünü bildirib.