Dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Sevil" operası Azərbaycan opera sənətinin ən parlaq nümunələrindən biridir. Böyük dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri əsasında yazılmış opera dolğun musiqisi, möhtəşəmliyi, maraqlı məzmunu, zəngin dili, orkestr rəngarəngliyi ilə hər zaman tamaşaçılar tərəfindən bəyənilib.
Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən tamaşada tanınmış vokalçı, Əməkdar artist Ramil Qasımov ilk dəfə Balaş obrazında səhnəyə çıxıb. Sevil partiyasını Əməkdar artist İlahə Əfəndiyeva ifa edib. Ramil Qasımovun ifasında Balaşın ariyası və İlahə Əfəndiyeva ilə birgə uğurlu çıxışı bu dəfə də tamaşaçılara zövq yaşadıb.
Səhnə əsərində, həmçinin Əməkdar artistlər Səbinə Vahabzadə (Gülüş), İnarə Babayeva (Dilbər), Tural Ağasıyev (Əbdüləli bəy) və solistlər Taleh Yəhyayev (Atakişi), Esmira Məmmədova (Tafta), Fəhmin Əhmədli (Məmmədəli bəy), Nəzər Bəylərov çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.