Ağdaş RMİ Fikrət Qocanın vəfatının ildönümü münasibətilə tədbir keçirib
Mayın 20-də Ağdaş Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Fikrət Qocanın (1935-2021) vəfatının birinci ildönümü münasibətilə “Şerimizin səssiz səsiyəm...” adlı tədbir keçirilib. Tədbirə Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi, paytaxtdan ədəbiyyat, mədəniyyət xadimləri qatılıb.
Əvvəlcə Göyçay şəhərinə gələn tədbir iştirakçıları burada Şəhidlər xiyabanını ziyarət edib, “Əbədiyaşar ədiblər” parkında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları üstünə tər güllər düzüblər.
Parkda düzənlənən anım tədbirində qonaqları salamlayan Ağdaş RMİ-nin rəisi Səxavət Məmmədov yaradıcı insanlarla belə görüşlərin əhəmiyyətini vurğulayıb.
AYB-nin sədri, Xalq yazıçısı Anar ədəbiyyatımızın parlaq simalarından biri olan Fikrət Qoca haqqında xatirələrini bölüşüb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev də tədbiri bölgənin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid, AYB-nin beynəlxalq məsələlər üzrə katibi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu, şair, yazıçı Sayman Aruz, Fikrət Qocanın bacısı Güldəniz Qocayeva, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov çıxış ediblər.
Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyinin direktoru Solmaz Həsənova qonaqları muzeyə dəvət edib. Burada çay süfrəsi arxasında Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında söhbət açılıb.
Sonra tədbir iştirakçıları Ağdaş şəhərinə gəliblər. Heydər Əliyev Mərkəzində keçirilən ədəbi-musiqili gecəsində Fikrət Qocanın şəxsiyyəti, yaradıcılığı haqqında danışılıb, əziz xatirəsi anılıb.
Tədbirdə Fikrət Qocanın ailə üzvləri, ədəbiyyat, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon icra hakimiyyətlərinin əməkdaşları, Ağdaş, İsmayıllı, Bərdə regional mədəniyyət idarələrinin rəhbərliyi və mədəniyyət işçiləri, yerli ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev “Qız qalası” ansamblının müşayiətilə Fikrət Qocanın sözlərinə bəstələnmiş nəğmələri ifa ediblər. Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib.
Tədbirdə ağdaşlı rəssamlar Məlahət İsmayıl AYB-yə, Fidan Səfixanova isə şairin ailəsinə Fikrət Qocanın portretlərini bağışlayıblar.
Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 25 avqust 1935-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində doğulub. 1970–1975-ci illərdə Yazıçılar Birliyində məsul katib, 1978–1987-ci illərdə AYB-nin “Azərbaycan” jurnalında şöbə müdiri, 1987–2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışıb. 1998-ci ildən AYB-nin katibi, 2004-cü ildən birinci katibi olub.
"Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Şeirlərinə populyar mahnılar ("Gəl, ey səhər", "Payız gəldi" və s.) bəstələnib.
Fikrət Qoca 2021-ci il mayın 5-də Bakıda vəfat edib, I Fəxri xiyabanda dəfn edilib.