Mayın 20-də Bakı Kitab Mərkəzində yazıçı, jurnalist Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı ilk hekayələr kitabının təqdimatı keçirilib. Təqdimatı Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı açaraq müəllifi təbrik edib, kitab haqqında fikirlərini bölüşüb.
Ədəbi tənqidçi, professor Cavanşir Yusifli, millət vəkili, yazıçı Aqil Abbas, tənqidçi İradə Musayeva və kino tənqidçisi Sevda Sultanova Samirə Əşrəfin kitab barədə söz açıblar.
Sonda müəllif qonaqlar üçün kitabını imzalayıb.
Qeyd edək ki, nəşrdə müəllifin son on ildə yazdığı on iki hekayə yer alıb. Əslən Cəbrayıl rayonundan olan müəllif İkinci Qarabağ müharibəsindən əvvəl və sonra qələmə aldığı hekayələrdə köçkünlüyün ağır yükü və azad Vətən torpağında keçirdiyi hissləri müqayisəli şəkildə ifadə etməyə çalışıb.