Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) "Şuşa İli"nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Hərb Tarixi Muzeyi, Binə Peşə liseyi, Şuşa şəhər 5 saylı tam orta məktəb və Sumqayıt RMİ-nin Bülbülcan adına Şuşa şəhər Uşaq musiqi məktəbinin əməkdaşları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəzər rayon MKS-nin direktoru əvəzi Esmira Məmmədova tədbir iştirakçılarını salamlayaraq "Şuşa İli" münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin "Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun şanlı qələbəsidir" adlı məruzəsi dinlənilib.

Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım, Bilal Qəmbərovun anası Gültəkin Qənbərova, şəhid baş leytenant Ceyhun Nəhmətovun atası Etiqad Nəhmətov, şəhid bacısı Həliməxanım Heybətova çıxış ediblər.

Qazilər kapitan Mübariz Yarməmmədov, Rəşad Məmişov və Nahid Əzizov keçdikləri döyüş yolundan danışıblar.

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində muzeylərin əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüb.

Tədbirin bədii hissəsində Şuşa rayon 5 saylı tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış ediblər. Sonda Bülbülcan adına Şuşa şəhər Uşaq musiqi məktəbinin müəllim və şagirdləri "Qarabağ şikəstəsi"ni səsləndirib.

***

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları şəhid leytenant Murad Nağıyevin ailəsini ziyarət ediblər. Murad Nağıyev haqqında xatirələr dinlənilib, şəhidin şəxsi əşyalarının sərgisinə baxış keçirilib. Şəhidin ailəsi qəhrəman haqqında yazılan "Murad" adlı kitabı kitabxanaya təqdim edib. Cəsur döyüşçü haqqında xatirələrin və onun öz şeirlərinin yer aldığı kitabın tərtibçiləri Sərxan Nağıyev və Banu Hümbətlidir.

Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Hadrut və Zəngilanın düşmən işğalından azad edilməsində fəal iştirak edib, düşmənin strateji əhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini sıradan çıxarıb. Oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub. Onun şəhid olduğu ərazi səkkiz gündən sonra Ordumuz tərəfindən tam təmizlənib. Murad Nağıyev oktyabrın 20-də Bakıda II Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.