21-25 may tarixlərində Özbəkistanın Buxara şəhərində “Qızıl tikmə və zərgərlik sənəti” adlı beynəlxalq festival keçirilir. Festivalda 22 ölkədən mütəxəssisləri iştirak edirlər.

Ölkəmizdən festivala Əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Aydan Fərəcova və Mədəniyyət Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova qatılıblar.

Festival çərçivəsində “Ənənəvi qızıl tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans, “Ənənəvi qızıl tikmə və zərgərlik sənətinin sosial-mədəni təcrübə kimi qorunması və inkişafı sahəsində dünya təcrübəsi”, “Ənənəvi qızıl tikmə və zərgərlik sənəti: tarixi-nəzəri problemlər və təhsil texnologiyaları” mövzularında sessiyalar da keçirilib.