Səməd Vurğun müharibə dövrünün ədəbi proseslərinə necə rəhbərlik edirdi?
   
   Ölkələr arasında baş verən münaqişələr vaxtı neçə-neçə şair və yazıçı da öz yurdunun müdafiəsinə qalxıb, bəziləri qələmini silahla əvəzləyib, bəziləri isə qələmini silaha çevirib. Elə hallar baş verib ki, qələm sahibinin bir sözü yüzlərlə döyüşçünü ayağa qaldırıb, topu-tüfəngi əvəz edib. Bununla birlikdə odlu-alovlu günlərdə ədəbiyyatımız, mədəniyyətimiz də unudulmayıb, xalqımızın mədəni sərvətlərinin qorunması və inkişafı naminə çox işlər görülüb. Belə hallar Böyük Vətən müharibəsi illərində (1941-1945) də olub, hələ başa çatmamış Qarabağ savaşı dövründə də belədir. 
      
   Dövlətimiz milli-mədəni dəyərlərimizi qorumaqla yanaşı, onun daha da inkişaf etdirilməsi qayğısına qalır, beynəlxalq miqyasda təbliği üçün tədbirlər görür. Təbii ki, bu işdə mədəniyyət xadimlərinin, şair və yazıçıların əməyi xüsusi qeyd olunmalıdır.
   Bu baxımdan Xalq şairi Səməd Vurğun Böyük Vətən müharibəsi illərindəki fəaliyyəti diqqəti cəlb edir. Şair həmin illərdə tez-tez ön cəbhədə olmaqla yanaşı, Azərbaycan Yazıçılar İttifaqının sədri kimi respublikada ədəbi prosesə başçılıq edir, mədəniyyətimizin inkişafı ilə bağlı müxtəlif tədbirlərin hazırlanmasında və keçirilməsində əməyini əsirgəmir, gənc ədəbi qüvvələrə qayğı göstərirdi.
   Şair müxtəlif müşavirə və yığıncaqlarda Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı danışar, mülahizələrini söyləyərdi. Səməd Vurğunun bu çıxışlarının böyük əksəriyyəti dərc olunmayıb, yalnız stenoqramlarda, iclas protokollarında, bir qismi isə qəzet məlumatlarında qalıb.
   Müharibənin ən ağır günlərində, 1942-ci ilin may ayında məhz onun təşəbbüsü ilə Bakıda Ziyalılar evi təşkil edilmiş və bu, respublikanın mədəni həyatında əlamətdar hadisə olmuşdu. Ziyalılar evinin açılışında çıxış edən şair müasir mərhələdə ziyalıların qarşısında duran vəzifələrdən danışıb. Adəti üzrə çıxışına şeirlə başlayan Səməd Vurğun bu dəfə «Səhər-səhər» şeirini oxuyub:
   
   Qara bulud sallamasın ətəyini sərhəd boyu,
   Mən dünəndən doldurmuşam patronumun darağını.
   Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,
   Hər bir sözüm saldıracaq min faşistin yarağını.
   
   Səməd Vurğun faşizmin yırtıcı mahiyyətindən danışaraq deyib ki, faşizm bütün bəşəriyyətin düşmənidir. Alman-faşist quldur dəstələrinin darmadağın etmək, mədəniyyəti müdafiə etmək deməkdir, milyonlarla adamı qırılmaqdan və dilənçilikdən qurtarmaq deməkdir. Şair çıxışının sonunda bütün ziyalıları orduya yardımı daha da qüvvətləndirməyə, onun üzərinə düşən xilaskarlıq vəzifəsi kimi tarixi bir vəzifəni yerinə yetirməklə var qüvvə ilə yardım etməyə çağırıb.
   Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin 1942-ci il oktyabrın 22-də olmuş iclasında şair müasir ədəbiyyatın qarşısında duran vəzifələr baxımından təşkilatın mətbu orqanlarında dövrün tələblərinə uyğun publisistik və tənqidi məqalələrin dərc olunması, ali məktəblərdə müasir ədəbiyyatın tədrisi və klassik ədəbi irsin düzgün tədqiq edilməsinin əhəmiyyəti məsələlərindən danışıb. O deyib: «...Ədəbiyyatımıza gələn gənc yazıçıların əsas nöqsanlarından biri ondan ibarətdir ki, çox zaman bu yeni yazan gənclər gözəl istedada malik olduqları halda, ümumi ədəbi, elmi bilik cəhətdən səviyyələri aşağı olur. Bunun nəticəsində onların yazdıqları şeir və hekayələr fikri cəhətdən yoxsul və bədii cəhətdən zəif çıxır». Buna görə də şair gənclərin ədəbi təhsil məsələsini lazımi yüksəkliyə qaldırmağı, ali məktəblərdə müasir ədəbiyyatın tədrisini yaxşılaşdırmaq üçün ciddi qayğı göstərməyi yazıçı, tənqidçi və ədəbiyyatşünaslardan tələb edirdi. Şair bu işdə «Ədəbiyyat qəzeti»nin, «İnqilab və mədəniyyət» jurnalının oynaya biləcəyi əhəmiyyətli rolu da qeyd edirdi.
   Səməd Vurğun milli mədəniyyətimizi dərindən öyrənməyi yalnız gənc ədəbi qüvvələr qarşısında deyil, yaşlı nəslin qarşısında da bir vəzifə kimi qoyurdu. Yazıçılar İttifaqında 1943-cü il iyunun 30-da keçirilmiş müşavirədə o bu barədə maraqlı mülahizələr söyləyib. Şair müşavirəyə yekun vuraraq, mübahisələrə səbəb olan bir sıra məsələlərdən, o cümlədən yazıçılarımızın Qərb ədəbiyyatından öyrənməsi məsələsindən danışıb, buna öz münasibətini bildirib. Qeyd edib ki, Qərb ədəbiyyatını, onun görkəmli nümayəndələrini dərindən öyrənmək bizim borcumuzdur: «Lakin yazıçılarımız gərək öz xalqımızın ruhunu, qocaman və zəngin tarixini, gözəl ənənələrini dərindən bilsinlər, ona arxalansınlar, onunla birlikdə yaşayıb-yaratsınlar».
   Səməd Vurğunun müharibə illərində vaxt tapıb qələm dostlarının yaradıcılığı ilə maraqlanması, onlara qayğı göstərməsi də xüsusi qeyd olunmalıdır. Onun böyük bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılıq gecəsində, yazıçılardan Mir Cəlalın, Ənvər Məmmədxanlının və İlyas Əfəndiyevin yaradıcılıq hesabatlarında çıxışları şairin mədəniyyətimizə və ədəbiyyatımıza qayğısının ifadəsidir.
   Bu baxımdan şairin 1943-cü ildə Bakıda, M.Füzuli adına Ziyalılar evində Ü.Hacıbəylinin yaradıcılıq gecəsindəki çıxışı da diqqəti cəlb edir. Şair öz çıxışında bəstəkarı musiqi tariximizə yenilik və orijinallıq gətirən, xalq yaradıcılığının ən yaxşı xüsusiyyətlərindən əsərlərində bacarıqla istifadə edən, onları özünün zəngin fantaziya süzgəcindən keçirərək daha da gözəlləşdirən bir sənətkar kimi qiymətləndirib. Şairin fikrincə, Ü.Hacıbəyli musiqiyə fəlsəfi nöqteyi-nəzərdən yanaşır və onu sənətin ən yüksək zirvəsinə çatdırır. O, «Koroğlu» operasını bunun parlaq sübutu kimi qeyd edir: «Biz bu nadir operanın musiqisini dinləyərkən özümüzü sanki sehrli bir aləmdə hiss edir, adi sözlərlə ifadə edilə bilməyəcək böyük bir zövq duyuruq».
   1944-cü il fevralın 29-da Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyəti yazıçı Mir Cəlalın yaradıcılıq hesabatını dinləyib. Səməd Vurğun bu yığıncağı giriş sözü ilə açaraq göstərib ki, müharibə günlərində yazıçıların yaradıcılıq hesabatını dinləmək, ədəbi məhsullarla yaxından tanış olmaq, təhlil-tənqid yolu ilə müzakirə etmək, müəlliflərə düzgün istiqamət vermək Yazıçılar İttifaqının əsas vəzifələrindəndir: «Müharibə dövründə bizim bir sıra gözəl şer, hekayə və faydalı səhnə əsərlərimiz yaranmışdır. Lakin cəsarətlə qeyd etmək olar ki, ədəbiyyatımızda müharibənin böyük dastanı hələ də yaranmamışdır. Biz bu dastanı yaratmalıyıq».
   Səməd Vurğun müşavirənin sonunda Mir Cəlalın hesabatına yekun vuraraq ona yeni dəyərli əsərlər yaratmaq işində yaradıcılıq uğurları arzulayıb.
   Bu ənənənin davamı olaraq 1944-cü il martın 13-də yazıçı İlyas Əfəndiyevin yaradıcılıq hesabatı dinlənilib. Səməd Vurğun yığıncağı giriş sözü ilə açaraq Yazıçılar İttifaqının son illərdə yetişən ayrı-ayrı gənc müəlliflərin yaradıcılığı ilə az məşğul olduğunu etiraf edib və bunu işin zəif cəhətlərindən biri kimi qiymətləndirib. Şair qeyd edib ki, bundan sonra gəncliyimizin yaradıcılıq hesabatlarını tez-tez dinləməliyik. O, yazıçının yaradıcılıq məziyyətlərindən danışaraq deyib: «İlyas Əfəndiyevin hekayələrindən xoş bir səs gəlir. İlyasın yaradıcılıq addımlarından bir şeiriyyət səsi eşidilir. Bu da şübhə yoxdur ki, nəsrimizin şeirimiz səviyyəsinə qalxmasına, inkişaf etməsinə kömək edən yeni və qiymətli addım sayılmalıdır».
   Şair müharibə şəraitində ədəbiyyatımızın qayğılarını da unutmurdu. Bu baxımdan şairin yazıçı Ənvər Məmmədxanlının yaradıcılıq hesabatında söylədikləri də diqqəti cəlb edir. Səməd Vurğun burada xüsusi olaraq qeyd edib ki, Ənvər Məmmədxanlının yaradıcılığı barədə çox az danışılıb: «Bu gün Ənvərin hesabatını dinləyərkən, onun yaradıcılığına xüsusi qayğı ilə yanaşmalı və kömək etməliyik. Ənvər özünün gözəl hekayələri, kinossenariləri və bədii tərcümələri ilə ədəbiyyatımızın inkişafına çalışan yoldaşlardandır».
   Şair onu özünəməxsus yaradıcılıq yolu olan və orijinal yol seçən bir nasir kimi qiymətləndirir, dünya ədəbiyyatı klassiklərindən öyrənməsini təqdir edirdi. Səməd Vurğun onun nisbətən az yazmasını yaxşı yazmaq istəyi ilə izah edirdi. Şairin fikrincə, hər bir yazıçıdan çox yazmaq deyil, müntəzəm surətdə işləmək və yaxşı əsərlər yaratmaq tələb olunmalıdır.
   Səməd Vurğunun müharibə dövrü fəaliyyətinin araşdırılması göstərir ki, o həmin illərdə həm şair, həm ictimai xadim, həm də vətəndaş kimi öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlib.
   
   Adilxan Bayramov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar