Azərbaycanın Türkiyədəki Səfirliyinin qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında həyata keçirdiyi layihə davam edir. Layihə üzrə növbəti Azərbaycan otağı Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına liseydə qurulub.

Mayın 23-də liseydə Azərbaycan otağının açılış mərasimi keçirilib.

Tədbirdə iki dövlətin himnləri səsləndirildikdən sonra səfir Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və liseyin direktoru Taylan Kaya çıxış ediblər.

Səfir Rəşad Məmmədov məktəbdə qurulan Azərbaycan otağınım iki ölkənin qardaşlığının və birliyinin daha bir ifadəsi olduğunu deyib.

Millət vəkili Şamil Ayrım Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən bəhs edərək bildirib ki, xalqlarımız əbədiyyətə qədər qardaşlıq münasibətlərini qoruyacaqlar.

Liseyin direktoru Taylan Kaya qeyd edib ki, məktəbdə qurulan Azərbaycan otağı şagirdlərin Azərbaycanla bağlı biliklərinin, eləcə də ölkəmizə olan sevgilərinin artmasına təkan verəcək.

Sonra Azərbaycan otağında qurulmuş 12 lövhədə əks olunan materiallar barədə iştirakçılara məlumat verilib.

Xatırladaq ki, səfirliyin həyata keçirdiyi layihə üzrə ilk Azərbaycan otağı Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində təşkil edilib.

Ankaradakı M.Ə.Rəsulzadə adına liseydə Azərbaycan otağının açılışından sonra  28 May – Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 illiyi münasibətilə tədbir keçirilib. Mərasimdə səfir Rəşad Məmmədov, TBMM-in üzvü Şamil Ayrım, səfirliyin əməkdaşları, digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan-Türkiyə qardaşlığının əcdadlarımızdan bizə əmanət olan dəyər kimi önəmini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə qərarları, qətiyyətli siyasi kurs iki qardaş ölkənin inkişaf və tərəqqisinin təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni xatırladan diplomat qeyd edib ki, Türkiyənin haqq işində ölkəmizə verdiyi siyasi-mənəvi dəstək ortaq tariximizə qızıl hərflərlə yazılmış uğurdur. Azərbaycanın işğaldan azad olunan torpaqlarında tikinti-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal şəkildə iştirakı bu qardaşlığa daha bir nümunədir.

Tədbirin bədii proqramında Azərbaycan və Türkiyənin dostluq və qardaşlığını tərənnüm edən ifalar təqdim olunub.

Mehparə Sultanova
Ankara