Azərbaycan

 

25 may 1936 – Bakı Soveti yanında Simfonik konsertlər idarəsinin bazasında Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdi və 1936-cı ildə filarmoniyada birləşdirildi. 1937-ci ildə bəstəkar Müslüm Maqomayevin vəfatından sonra Azərbaycan Dövlət Filarmoniyasına onun adı verildi.

25 may 1991 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (22.4.1911 – 1991) vəfat edib. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

 

26 may 1877 – Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.

26 may 1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqində aktiv fəaliyyət göstərib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. “El aşıqları” toplusunu tərtib edib. Repressiya qurbanıdır.

26 may 1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı” və s.) müəllifidir.

26 may 1938 – Şair Adil Rəsul (1938-1997) Şamaxı şəhərində anadan olub. Şeirlərinə mahnılar (“Limanda”, “Gəl” və s.) bəstələnib.

 

27 may 1906 – Xalq artisti, teatr rejissoru Soltan Baba oğlu Dadaşov (1906-1969) Bakıda anadan olub. Opera və Balet Teatrında quruluşçu rejissor işləyib, Aşqabad teatrında M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya qoyub.

27 may 1906 – Yazıçı-dramaturq Şəmsəddin Bəhlul oğlu Abbasov (1906-1975) Xızı  rayonunun Sayadlar kəndində doğulub. Opera və Balet Teatrının, Bakı Kinostudiyasının direktoru olub, kinossenarilər yazıb.

27 may 1926 – Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 – 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına köçüb. Poemalar, roman və povestlər müəllifidir. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.

27 may 1956 – Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 – 1956) vəfat edib. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin” və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948) olub.

27 may 1993 – Bakıda böyük şair-dramaturq Hüseyn Cavidin abidəsinin açılışı keçirilib. Hüseyn Cavid adına parkda ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur.

27 may 2008 – Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev (23.1.1941 – 2008) vəfat edib. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.

 

Dünya

 

25 may 1803 – Amerika şairi, filosof Ralf Voldo Emerson (1803-1882) anadan olub.

25 may 1905 – Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905-1972) anadan olub.

 

26 may 1822 – Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822-1896) anadan olub. Yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ədəbiyyat üzrə Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.

26 may 1842 – Gürcü yazıçısı və şairi Georgi Seretelli (1842-1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.

26 may 1904 – Türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 – 25.5.1983) anadan olub.

 

27 may 1840 – İtalyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.

Hazırladı: Vüqar Orxan