“Türk mətbəxi həftəsi”ndə Bakıda təqdimat
21-27 may tarixində Türkiyə Prezident Administrasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir sıra ölkələrdə “Türk mətbəxi həftəsi” keçirilir.
Layihə çərçivəsində mayın 21-də Bakıdakı Yunus Əmrə İnstitutunda türk mətbəxinin təqdimatına həsr olunmuş tədbir və “Türk mətbəxi” kitabının təqdimatı keçirildi. Tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı çərçivəsində gerçəkləşdi.
Qeyd edək ki, türk mətbəxinin ləziz nemətlərini bir yerə toplayan kitab Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə ərsəyə gəlib.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç qonaqları salamlayaraq institutun dünyanın 70 ölkəsində fəaliyyət göstərdiyini dedi. Bildirdi ki, məqsəd Türkiyənin mədəniyyətini, ədəbiyyatını, mətbəxini beynəlxalq aləmdə daha geniş tanıtmaqdır. Qida mədəniyyəti türklər üçün tarix boyu formalaşan fəlsəfi bir mədəniyyətdir. Türkiyənin fərqli bölgələrində bu mətbəx zəngiləşərək dəyişib və inkişaf edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Türk mətbəxi həftəsi”nin əhəmiyyətindən söz açdı. Bildirdi ki, biz mətbəximizi dünyaya tanıtmağa çalışırıq. Mətbəx mədəniyyəti dünyada önə çıxmış ən populyar mədəniyyətlərdən biridir. Diplomat Türkiyədə ən çox populyar yeməklər haqqında məlumat verərək qidalanma mədəniyyətinin insan həyatında önəmindən danışdı.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva türk mətbəxinin təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi: “Biz başqa ölkələrə səfər edərkən görürük ki, türk mətbəxi ilk beşliyə daxil olub. Bu istiqamətdə qardaş Türkiyə böyük işlər görüb. Türk mətbəxi hamımızın mətbəxidir. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra mətbəx nümunələrimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib...”.
Tədbirdə daha sonra Dünya İslam Kulinariya Birliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmraslanov, Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxış etdilər.
Çıxışlardan sonra qonaqlar mətbəxdə türk ustalarının işləri ilə tanış oldular və İstanbul menyusunun müxtəlif təamlarının dadına baxdılar.
Qeyd edək ki, “Türk mətbəxi həftəsi” çərçivəsində Gəncə şəhərində də tədbir və “Türk mətbəxi” kitabının təqdimatı gerçəkləşib.
Lalə Azəri