Zamanın səhifələrində qalan olaylar, faktlar...
319 il əvvəl...
27 may 1703-cü ildə Rusiya çarı I Pyotrun əmri ilə Neva çayı sahilində Sankt-Peterburq şəhərinin təməli qoyulub. 10 il sonra şəhər Rusiya imperiyasının yeni paytaxtı elan edildi.
212 il əvvəl...
25 may 1810-cu ildə Argentinada İspaniya müstəmləkəçiliyinə qarşı üsyan başlayıb. Tarixə “May üsyanı” kimi düşən müharibə 16 il sürdü və Argentinanın tam müstəqilliyi ilə nəticələndi. 25 may bu ölkənin milli bayramı kimi qeyd olunur.
195 il əvvəl...
26 may 1827-ci ildə Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Azərbaycanın Naxçıvan şəhərini işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvana, ardınca isə Təbriz, Urmiya və Ərdəbilə daxil oldu. Müharibə 1828-ci ildə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatdı.
157 il əvvəl...
25 may 1865-ci ildə Amerikada vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başa çatıb. Dörd il sürən müharibə Şimal ştatlarının qələbəsi ilə yekunlaşıb. Cənub ştatları Şimalın diktəsini (o cümlədən quldarlığın ləğvi) qəbul etməli oldular. Müharibədə hər iki tərəfdən ümumilikdə 360 min insan həlak olmuşdu.
104 il əvvəl...
26 may 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxıb. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Həmin gün Gürcüstanın müstəqilliyi elan edilib. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi.
27 may 1918-ci ildə Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaradıblar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, müavini Əhməd bəy Ağayev seçilib. Bir gün sonra Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi.
102 il əvvəl...
25 may 1920-ci ildə Gəncədə Azərbaycanın sovetləşməsinə qarşı üsyan başlayıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də qəddarlıqla yatırıldı.
76 il əvvəl...
25 may 1946-cı ildə İordaniya dövlət müstəqilliyini (İordaniya Haşimi Krallığı) əldə edib. 1918-ci ilədək (4 əsr) Osmanlı imperiyasının tərkibində olan İordaniya Birinci Dünya müharibəsinin yekunu olaraq Britaniyanın protektoratlığına keçmişdi. 1921-ci ildə Transiordaniya əmirliyi kimi nisbi özünüidarə əldə etmişdi.
30 il əvvəl...
27 may 1992-ci ildə Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul edib. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadın sözlərinə yazdığı “Azərbaycan marşı” Dövlət himni kimi təsdiq edilib.
17 il əvvəl...
25 may 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulması ilə bağlı mərasim keçirilib. Səngəçal terminalında gerçəkləşən mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan prezidentləri, ABŞ-ın energetika naziri iştirak ediblər. 2006-cı ilin mayında neft Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına yetişdi.
Hazırladı: V.Orxan