Mayın 22-də Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, mayın 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan sərhədində iki ölkə arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. İkinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.