Türk dünyasından olan özəl şirkətlər və iş adamları Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərir.
Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev mayın 24-də Prezident İlham Əliyev ilə görüşdə deyib. Baş katib iyun ayında Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində genişmiqyaslı biznes forumun keçirilməsi niyyətinin olduğunu da diqqətə çatdırıb.
Görüşdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı və Vətən müharibəsi dövründə təşkilatın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin əhəmiyyəti bir daha vurğulanıb.
Bağdad Amreyev Şuşanın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunduğunu qeyd edərək, gələn il də Azərbaycanla birlikdə Şuşada çoxsaylı mədəniyyət tədbirlərinin keçiriləcəyini deyib.