Mayın 24-də Azərbaycanın Ankaradakı Səfirliyinin, İstanbuldakı Baş Konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılış mərasimi keçirilib.
28 May – Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə öncə əlamətdar yubileylə bağlı fotosərginin açılışı olub, rəsm sərgisinə baxış keçirilib.
Açılışda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Milli Məclisin deputatı Fazil Mustafa, Əskişəhər Osmanqazi Universitetinin rektoru Kemal Şenocak, UNEC-in prorektoru Gəray Musayev çıxış ediblər.
Çıxışlarda Türkiyənin tarixi mədəniyyət mərkəzlərindən olan Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan Xalq Cümhuriyyətinin, onun varisi kimi müasir Azərbaycan dövlətinin tarixi, Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan-Türkiyə qardaşlığından söz açılıb.
Bədii proqramda UNEC-in Yaradıcılıq mərkəzi, eləcə də Türkiyədə fəaliyyət göstərən “Hazar” Azərbaycan xalq rəqsləri dərnəyinin musiqi qrupları çıxış ediblər. Hərarətli alqışlarla müşayiət olunan konsert proqramı “Qarabağ Azərbaycandır!” şüarı ilə başa çatıb.
Mehparə Sultanova
Ankara