28 May – Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Əskişəhərdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri mayın 26-da başa çatıb.
Mədəniyyət və incəsənət günləri Azərbaycanın Türkiyədəki Səfirliyi, İstanbuldakı Baş konsulluğu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirlərin ikinci gün Əskişəhər Osmanqazi Universitetində UNEC-in Yaradıcılıq mərkəzinin təqdimatında “Yarımçıq qalmış…” tamaşası nümayiş olunub.
Tamaşa əslən bakılı olan, hazırda İsraildə yaşayan rejissor və ssenarist Yefim Abramov və Çexiyada yaşayan azərbaycanlı yazar Leyla Bəyimin “Xəyalpərəst oğlan” pyesi əsasında səhnələşdirilib. Əsər 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş gənc heykəltəraş Samir Qaçayevin simasında Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərə ithaf edilib.
“Yarımçıq qalmış...” tamaşasında qəhrəmanların daxili aləmi, torpağa, yurda bağlılığı ruh kontekstində verilir. Vətən uğrunda canından keçən igidlərin ruhların görüşür. Tamaşaçı qəhrəmanlarla onların şəhadətindən sonra tanış olur...
Səhnə əsəri alqışlarla qarşılanıb. Tamaşadan sonra UNEC-in Yaradıcılıq mərkəzinin teatr qrupu mükafatlandırılıb.
Qeyd edək ki, Əskişəhər Osmanqazi Universitetində Azərbaycan mədəniyyət və incəsənət günləri mayın 25-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 illiyinə həsr olunan foto və rəsm sərgisinin açılışı ilə başlamışdı. Sonra UNEC-in Yaradıcılıq mərkəzi və Türkiyədə fəaliyyət göstərən “Hazar” Azərbaycan Xalq Rəqsləri Dərnəyi üzvlərinin ifasında konsert proqramı təqdim olunmuşdu.
Mehparə Sultanova
Ankara