Mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov 28 May – Müstəqillik Günü ərəfəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Şuşada bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə silinməz iz qoyub. Həmin dövrdə ölkə həyatının əksər sahələrində islahatlar aparıldı. 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyini bərpa edəndə özünü Cümhuriyyətin varisi elan etdi.

Milli Məclisin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Azərbaycandakı Axıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, Kürd icmasının nümayəndəsi Zabit Məmmədov, “Samur” Ləzgi Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev, “Azərbaycan-Avar” İctimai Birliyinin sədri Məhəmməd Nooyev, “Azərbaycan Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, “Azəri” Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov, “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri Rafiq Abdullayev və "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri Mariya Hüseynova tədbir haqqında fikirlərini bölüşüb, ölkəmizdəki bütün milli və etnik qrupların təmsilçilərinin 44 günlük Vətən müharibəsində dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşməsindən danışıblar.

Tədbirdən sonra Bülbülün, Üzeyir Hacıbəylinin və Natəvanın güllələnmiş heykəllərinin qoyulduğu şəhər meydanına gələn iştirakçılar, Qala divarlarını və Bülbülün Şuşadakı ev-muzeyini də ziyarət ediblər.