Bu il Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi silsilə tədbirlər keçirir.
Musiqi məktəbinin növbəti konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında təqdim olunub.
Direktor Bəhriyyə Allahverdiyeva çıxış edərək məktəbin 1993-cü ildən Şövkət Ələkbərovanın adını daşıdığını diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ildən tədris ocağında vokal sinfi açılıb.
Sonra “Azərbaycan inciləri” adlı konsert proqramı təqdim olunub. Şövkət Ələkbərovanın repertuarından dillər əzbəri olmuş mahnılar şagirdlərin ifasında səsləndirilib.