Prezident və birinci xanım Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olublar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Ağbənd dəmiryolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Bildirilib ki, təkxətli dəmiryolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmiryolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoyub. Məlumat verilib ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Dövlətimizin başçısı və birinci xanım Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə də tanış olublar.

Məlumat verilib ki, ötən ilin oktyabrında  Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə qazma işləri davam etdirilir. Yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub.

Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Mayın 26-da dövlət başçısı və birinci xanımın iştirakı ilə “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi keçirilib.

Sonra Zəngilan rayonuna gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Bildirilib ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.

Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı və birinci xanım “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində də iştirak ediblər. Məlumat verilib ki, kompleks İşğal muzeyi, Zəfər muzeyi və dağıntıları əks etdirən Memorial parkdan ibarət olacaq.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.