Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi...” əsərinə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən ilk dəfə 2014-cü ildə səhnə həyatı verilib və premyera həmin il dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdim olunub. Ötən müddətdə kollektiv ikihissəli xronoloji tarixi dramla müxtəlif səhnələrdə çıxış edib. Tamaşaya Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Hidayətin əsərlərinin tamaşaçı tərəfindən rəğbətlə qarşılanmasının əsas səbəbi dramaturgiyasının həqiqi hadisələrə söykənməsi, süjet xəttinin sadəliyi və insan faktorunun zənginliyidir. Əsərdə baş verən hadisələrin birbaşa şahidi olan dramaturq erməni şovinistlərinin zaman məfhumunu dəyərləndirərək, azərbaycanlılara və bütövlükdə türklərə qarşı apardıqları iyrənc siyasi “mübarizə”sini əks etdirir. Müəllifin əsərin ilk səhifəsində qeyd etdiyi “Bu kitaba yenidən qayıtmaq məqsədim Qərbi Azərbaycanda təxminən 40 il müddətində gedən prosesləri, lap başlıcası – 18 ildə gördüklərimi, duyduqlarımı qələmə almaq, oxucuya həqiqəti, yalnız həqiqəti (!) çatdırmaqdır. Olduğu kimi, mənim dərk etdiyim qədər...” fikri onun tarixi hadisələrdə hər şeyi olduğu kimi, səmimi və faktlara əsaslanaraq yanaşmasının təzahürüdür. Müəllif əsərin baş leytmotivini “Biz o yerlərə qayıdacağıq” kimi göstərməklə, bu günün çox da uzaqda olmadığını duyur və hisslərinin onu yanıltmadığına inanaraq bir daha oxucunun rəğbətini qazanır.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi Zəfərdən sonra bu tarixi dramın mövzusu, orada qoyulan məsələlər xüsusilə aktual səslənir. İrəvan teatrı 2022-ci ildə əsərə yenidən qayıdıb. Xalq artisti Firudin Məhərrəmovun yeni quruluşunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tamaşa aprelin 19-da, Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olundu.
Əsər tarix boyu dədə-baba yurdlarında yaşamış azərbaycanlıların, ermənilər tərəfindən hər sahədə sıxışdırılmasından, şərlənməsindən, çəkdikləri əziyyətlər və apardıqları cəsarətli mübarizəsindən bəhs edir. Müəllif əsər vasitəsilə Qərbi azərbaycanlıların etnik təmizlənmə siyasətinin qurbanları olduğunu, o zaman üçün mümkünsüz olan bu çətin yolda ulu öndər Heydər Əliyevin şəxsində əzmkarlıq mücəssəməsi yaradır, dahi şəxsiyyətin erməni millətçilərinə qarşı barışmaz mövqeyini göz önünə gətirir. Səhnəni bəzəyən qədim İrəvan torpaqlarının xəritəsi fonunda, hadisələrin cərəyan etdiyi illərin (1968-ci ildən günümuzə qədər) nə qədər çətin və gərgin olduğu tamaşaçıların diqqətini cəlb edir.
Tamaşa müəllifin obrazını yaradan gənc bir azərbaycanlının İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunması ilə başlayır. Onunla ilk həmsöhbət olan Ermənistan KP MK-nın katibi Robert Xaçaturyan adlı millətçi erməni dilini bilib-bilmədiyini soruşur, ona “Unutma, sənin fəaliyyətinə nəzarət olacaq” deyə xəbərdarlıq edir. Lakin nə bu cür “xəbərdarlıqlar”, nə də onun yolunda yaranan süni maneələr gənc direktoru yolundan döndərə bilmir, əksinə, daha əzmlə işləməyə ruhlandırır. Dramaturqun bu səhnədə “incə ştrix”lərlə Xaçaturyanın katibə qıza dediyi “Asmik can, türkün qəlbini elə ələ alırsan ki, nəzarətimizdən çıxmasın” cümləsi hər zaman aktuallığını qoruyur.
İlk səhnəni Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın narahatlığı və Heydər Əliyevlə telefon danışığı əvəz edir. Özünü təqdim edən Koçinyana Heydər Əliyev “Bizim ellər yerindəmi” sualını verməklə onun “kürkünə birə salır”. Koçinyan Əliyevi Ermənistana, Dilicana dəvət etsə də, o, bununla razılaşmır, Dilican qədim Azərbaycan torpağıdır, deyir və həmkarına Qazax sərhədində görüşməyi təklif edərək Səməd Vurğunun “Dilican dərəsi” şeirindən misralar deyir:
Yenə gördüm səni, Dilcan dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür dedikləri bir karvan yolu,
Nə canlar gedərək, nə canlar gəlir...
Dramaturq Ermənistanın birinci katibinin dili ilə “köhnə birinci katiblə razılaşmalarımız var, ürəyimə damıb ki, çox qəliz adamdır” ifadəsini işlətməklə bir daha ulu öndərin bədxahlara qarşı qətiyyətli, iradəli və sərt mövqeyini açıqlayır.
Səhnə arxasından dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Azərbaycan teatrı aktyorlarının ifasında bir parça canlanır. Bu zaman kollegiya iclası çağıran Ermənistan mədəniyyət naziri əsəbi şəkildə erməni teatr direktorlarını acılayır, onları dövlət planını yerinə yetirməyərək, uğurlu qastrol səfərləri etmədikləri üçün günahlandırır. Direktorları Azərbaycan teatrına baxmağa, onlardan öyrənməyə dəvət edir. İclasda İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru teatrlarının maddi bazasının zəif və binalarının olmamasını nazirin diqqətinə çatdırır. Lakin nazir səslənən telefon zənginə cavab verərək direktorun xahişini cavabsız qoyur. Gələn zəngdə isə yenidən “Arşın mal alan”a bilet sifariş olunurdu.
Tamaşada ikinci əsas surət olan gənc direktor yenidən əsassız olaraq şəhər partiya komitəsinə çağırılır. Birinci katib onun yazdıqlarını oxuyub “cəfəngiyat” adlandırır və Azərbaycan şairlərinin mövqeyinin güclənməsinin səbəbini doğru olaraq Heydər Əliyevin hakimiyyətə gəlişində axtarır. Ədibin şeirlərində böyük sərkərdə Babəkin adı çəkilməsi onu hiddətləndirir. “Babək 50 min erməni öldürüb” deyərək üzr istəməsini tələb edir. Ədib “ermənilər min ildir qırılır, bitmir...” deyərək səhnəni alqışlarla tərk edir.
Qazax sərhədi. Heydər Əliyev və Anton Koçinyanın görüş səhnəsi. Koçinyan vəd olunmuş torpaqların tezliklə Ermənistana verilməsini xahiş edir. Ulu öndər “Bunun nə hüquqi, nə də məntiqi əsası var” deyərək Dilicanın da qədim Azərbaycan torpağı olduğunu qeyd edir. Heydər Əliyev Siyasi Büronun qərarını əsas tutan katibi daha kəskin ifadələrlə susmağa məcbur edir. “Anton, millətçiliyin, şovinizmin kökünü kəsməlisən! Ancaq unutma ki, Azərbaycan öz torpaqlarından bir qarış da heç kəsə verməyəcək!”.
Tamaşanın ikinci hissəsində baş verən hadisələr öz kəskinliyini qoruyaraq davam edir. Erməni mayor Şaxmazasyan hüquq-mühafizə orqanlarında çalışan baş leytenant Lətif Nəsibov adlı gənc bir azərbaycanlını ləkələyərək onu rüşvətxorluqda günahlandırır. Şaxnazaryan Əliqulu adlı bir azərbaycanlının anasına hədə-qorxu gələrək, onu Lətif Səfərova rüşvət verdiyini yazmağı tələb edir. Lakin ana bunu etməyəcəyini qətiyyətlə bildirir. Şöbədə baş verən hadisələrdə yenə erməni xisləti, yenə erməni böhtanı məğlub olur.
SSRİ tarixində dərin izlər buraxmış əsas siyasi fiqurlardan olan Sov. İKP MK katibi Mixail Suslov ilə Anton Koçinyanın və Heydər Əliyevin görüş səhnəsi aktyorlar tərəfindən tamaşaçıya daha təsirli çalarlarla təqdim olunur. Suslov Koçinyanın Qarabağ iddiasına “məgər Qarabağ Azərbaycan torpaqları deyil?” cavabını verərək onu otağından qovur. Bütün bunların əksi olaraq böyük rəğbətlə Heydər Əliyevi qarşılayaraq onun işgüzarlığına yüksək qiymət verir. Heydər Əliyev gəlişinin səbəbini sovet hakimiyyətinin qurulmasının 50 illiyi münasibətilə hər iki xalqın iştirakı ilə Xankəndidə tədbir keçirilməsini təklif edərək, Suslovu da həmin tədbirə dəvət edir. Aralarında keçən söhbət səmimi sonluqla bitir.
Səhnədə erməni teatrının direktorunun otağında çaxnaşma canlanır. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduğunu eşidən erməni şovinistləri etirazlarını “ənənəvi” üsullardan istifadə etməklə bildirirlər. Onlar bu “ağır xəbər”in qisası kimi “Daşnaksutyun” partiyasının Heydər Əliyevi aradan götürməsini və Moskvada iğtişaşlar planlayırlar. Yalan və böhtanlarla dolu məktubları təkcə Yerevandan deyil, Bakıdan da Kremlə yollayırlar. Siyasi Büronun üzvü Yeqor Liqaçovun qəbuluna çağırılan ulu öndər qətiyyətlə dediklərindən dönmür, bütün söhbətlərin Qarabağ ərazisinin qəsb etmək məqsədilə aparıldığını qeyd edərək, ermənilərin Qarabağa İran və Türkiyə ərazilərindən köçürüldüyünü deyir. Əlində tutduğu Qarabağ tarixi ilə bağlı kitabın müəllifinin də rus tarixçisi olduğunu vurğulayır.
Artıq Ermənistanın hər yerində iğtişaşlar, kütləvi etirazlar səngimək bilmir. Minlərlə azərbaycanlı ailələr öz qədim torpaqlarından qovulur, vəhşicəsinə evləri yandırılır, özləri qətlə yetirilirdilər. Komendant saatı tətbiq edilsə də, bu qaniçən varlıqların ruhunda olan şeytani xislət susmurdu. Səhnədə həmin mitinqlərin Bakıda da eyni ahənglə olduğu canlanır. Bunu Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov, şöbə müdiri, nazirlər və başqa məsul işçilər də müşahidə edirlər. Xankəndidə dünyaya göz açan ananın fəryadını böyük ustalıqla oxucusuna çatdıran dramaturq mətnini məharətlə tamaşaçıya təqdim edən aktrisanın ifasında görmək çox təsirli səhnədir. Kamran Bağırovun qəbulunda olan ana ona “mən 50 ildir tarix müəllimiyəm, bura Pənahəli xanın yurdudur”, deyib sonda “Hardasan, ay Heydər Əliyev, hardasan?” deyərək səhnəni tamaşaçıların alqışları altında tərk edir.
Dramaturqun erməni yazıçısı ilə görüşündə həmkarı hadisələrin daha da pis olacağını və bundan da heç kəsə xeyir gəlməyəcəyini vurğulayır. Ədibin hadisələri dərin narahatlıqla izləməsi bütün tamaşa boyu diqqəti cəlb edir:
Düşməninə aman verən,
Burdan min-min atlı keçdi...
Bir tərəfdə qanlı qışı,
bir tərəfdə güllü yazı...
Bir əlində misri qılınc,
Bir əlində sazı keçdi...
Səhnədə fonoqram səsi eşidilir. Heydər Əliyevin Kamran Bağırova məsləhətləri və Qarabağ məsələsini diqqətdə saxlamaq barədə tövsiyəsi ilə birlikdə əzəmətli səsi eşidilir: “Azərbaycan xalqı heç vaxt yad torpaqlara göz dikməmişdir, ancaq tarix boyu torpaqlarımızın böyük bir hissəsi təcavüzkarlar tərəfindən işğal olunmuşdur. Xalqımız işğal olunmuş torpaqlarımızı özünə qaytaracaq, ərazi bütövlüyünü mütləq bərpa edəcək...”.
Tamaşanın sonluğunu daha möhtəşəm edən müzəffər Ali Baş Komandanın tarixi səs yazısı olur. Zəfər müjdəsini xalqına çatdıran Prezident İlham Əliyevin sevincli səsi səhnəni öz ağuşuna alır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Gözün aydın olsun, Azərbaycan! Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Əsər boyu erməni şovinistlərinin bütün pis niyyətlərini yüksək təmkini ilə, səbirlə dəf edən Heydər Əliyev şəxsiyyəti həmişə onların qarşısında böyük sipər idi. Bir çox məqamlarda məhz bu dahi şəxsiyyətin onların ürəyində kök saldığı qorxu toxumu düşmənin məkrli planlarını alt-üst edirdi. Ulu öndər obrazını canlandıran Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bunun necə məsuliyyətli bir vəzifə olduğunu, bu baxımdan obrazın bütün incəliklərinə (səs oxşarlığı, duruşu, hərəkətləri, addımları, səlis danışığı, gülüşü, baxışı) dərindən yiyələndiyini məharətlə təqdim edir.
Ümumilikdə tamaşada rol alan aktyorların oyunu, tamaşanın hər bir epizodu onların dramaturqa və sənətlərinə olan sevgisinin təcəssümüdür. Əsas rolları canlandıran Natiq Həziyev, Nazir Rüstəmov, Məzahir Süleymanov, Əmrulla Nurullayev, Bəhruz Hikmətoğlu, Səmayə Nəbiyeva, eləcə də ədəbi hissə müdirindən texniki heyətədək hər kəsə təşəkkür edərək yeni tamaşalar görmək arzusu ilə “var olun”, deyirəm.
Son olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı ömrünün 140 illiyi münasibətilə kollektivi təbrik edir, yeni nailiyyətlər arzulayıram.
Əsmər Hüseynova
Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi