Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Özbəkistanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, “Kitob dunyası” qəzetinin baş redaktoru Xasiyat Rüstəmə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Xasiyat” adlı sənədli filmin təqdimatı olub.
Mərkəzin foyesində təşkil edilən sərgidə Xasiyat Rüstəmin yaradıcılığına dair nəşrlər, o cümlədən müəllifin Azərbaycanda nəşr olunan “Adı Lalə idi o qızın”, “Leyli ağaclar”, “44 gün” kitabları nümayiş olunub. Sərgidə AMM-in layihəsi ilə Azərbaycan və özbək ədəbi əlaqələri, Azərbaycan tarixi, mədəniyyəti və s. mövzularda kitablar da yer alıb.
AMM-in direktoru Samir Abbasov çağdaş özbək ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycanın yaxın dostu Xasiyat Rüstəmin yaradıcılığı haqqında danışıb, onun xalqımızın üzləşdiyi faciələr, habelə Qarabağda qazandığımız Zəfərə dair təsirli əsərlər yaratdığını diqqətə çatdırıb. Direktor şairənin Azərbaycanın Qarabağ Zəfərindən bəhs edən “44 gün” əsərini yüksək qiymətləndirib.
Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid Xasiyat Rüstəmin özbək ədəbiyyatında xidmətlərindən söz açıb.
Ədəbiyyatşünas alim, dosent Adxambek Alimbekov və rejissor Olimcon Salimov şairənin yaradıcılığı, əsərləri ilə türk dünyası ədəbiyyatına töhfəsi barədə danışıblar.
Sonra “Xasiyat” bədii-sənədli film nümayiş etdirilib. Filmin ssenari müəllifləri Şoyim Botayev və Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, rejissoru və operatoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədovdur.
Sonda Xasiyat Rüstəm çıxış edərək təqdimat mərasiminə təşkilinə görə təşəkkürünü bildirib.