Müstəqil Azərbaycanın Dövlət Himninin qəbul olunmasının 30 yaşı tamam oldu. 1992-ci il mayın 27-də Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadın sözlərinə bəstələdiyi “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının Dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdi.
Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Dövlət himni dövlətçiliyimizin əsas atributlarından olub, milli birliyimizin, Vətən övladlarının fədakarlığının dolğun ifadəsidir.
Dövlət himnimizin qəbul olunmasının 30 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Virtual sərgidə himnimizin qəbulu ilə bağlı rəsmi sənədlər, fotolar, dövlət rəmzləri haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunur.
Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Azerbaycan_Dovlet_Himni/index.htm