Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin 75 illiyi təntənəli şəkildə qeyd olunub.
Muzeyin icraçı rəhbəri Günay Əliyeva, Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova çıxış edərək bəstəkarı yubiley münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən söz açıblar.
“Azərbaycan dünyası” jurnalının təsisçisi, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov yubilyar bəstəkarı fondun “Mehriban ana” ordeni ilə təltif edib.
Sonra konsert proqramı təqdim edilib. Prezident təqaüdçüləri, beynəlxalq və respublika miqyaslı müsabiqələr laureatları Ş.Ağazadə, Ş.Rəsulova, N.Həsənli, A.Rüstəmzadə Rostropoviçlərin ev-muzeyinin əməkdaşı, Prezident təqaüdçüsü, bəstəkar Vüqar Məmmədzadənin “Kvartet üçün yazılmış əsər”ini, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri – beynəlxalq müsabiqə laureatları Nuranə Salamova və Fərid Zeynalov Q.Qarayevin “Prelüd”, K.Debussinin “Sevinc adası”, X.Zeynalovanın “Qarabağ süitası”, F.Şopenin “Etüd”, F.Sayın “Kara toprak” əsərlərini ifa ediblər.
Tədbirdə Paris şəhərində keçirilmiş M.Rostropoviç adına violonçel müsabiqəsindən, M.Rostropoviçin Azərbaycan Dövlət Akademik Filarmoniyasında F.Əlizadənin “İthaf” əsərinə dirijorluq etdiyi konsertdən görüntülərin olduğu qısa film nümayiş olunub.
Qonaqlar muzeyin fondunda F.Əlizadənin yaradıcılığı ilə bağlı olan eksponatların (“İntizar” operasının bukleti, “Habilsayağı” əsərinin notları və proqramı, “Kronos - Quartet” ansamblının ifasında “Muğamsayağı” operasının diski, afişa və s.) yer aldığı “İnci bəstələr” adlı sərgi ilə tanış olublar.
Göstərilən diqqətə görə minnətdarlığını bildirən Firəngiz Əlizadə Rostropoviçlərin ev-muzeyinin onun üçün xüsusi bir məkan olduğunu söyləyib: “Biz fəxr edirik ki, belə bir dahi məhz Bakıda dünyaya gəlib. Ölkəmizə gələn bütün görkəmli musiqiçilər M.Rostropoviçin doğulduğu bu evi ziyarət edirlər. İnanıram ki, bundan sonra da belə olacaq”.