Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanan bölgələrə səfər planına uyğun olaraq, nazir Anar Kərimov mayın 27-də Ağcabədi rayonunda olub.

Nazir rayonda bir sıra müəssisələrə baş çəkib, eləcə də Ağcabədi  Regional Mədəniyyət İdarəsi üzrə rayonların mədəniyyət işçiləri ilə görüş keçirib.

Mədəniyyət naziri Anar Kərimov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Anar Kərimov Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub.

Mədəniyyət naziri Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinə də baxış keçirib. Nazirə məlumat verilib ki, 5000-dən çox eksponatın mühafizə olunduğu muzeyin binası iki mərtəbədən, 6 ekspozisiya otağından ibarətdir. Muzeyin ən qədim eksponatları arasında arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI-V minilliklərə (Neolit dövrü) aid sümükdən iynə, biz və daşdan məişət əşyaları və s. mövcuddur. Muzeydə eksponatlar “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Görkəmli şəxsiyyətlər”, “Sovet dövrü” və “Müasir dövr” bölmələri üzrə qruplaşdırılıb.

Rayonun Kəhrizli kəndinə gələn nazir burada görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və amal yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadənin  (1873-1955) ev-muzeyində olub. Qeyd edilib ki, ev-muzey onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin Ev-Muzeyinə çevrilib.

Muzeydə Həmidə xanımın atası, Qarabağ xanlığının və Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsi tarixçi, şair Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları və əlyazmaları qorunub saxlanılır. Muzeydə eyni zamanda Həmidə xanımla əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir.

Anar Kərimov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Qeyd edilib ki, 1965-ci ildə Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı 1986-cı ildən Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi kimi işini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 121 müəllim 354 şagirdin təhsili ilə məşğul olur.

Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirən nazir müəssisədə fəaliyyətin təşkili ilə maraqlanıb.  Sonra həmin binada fəaliyyət göstərən Ağcabədi Dövlət Rəsm Qalereyası ilə tanışlıq olub.

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinə gələn nazirə məlumat verilib ki, mərkəzin qış və yay konsert zalları mövcuddur. 50 şagirdin təhsil aldığı mədəniyyət ocağında 24 nəfər müəllim səs və tar ixtisasları üzrə tədris aparır.

Səfər çərçivəsində mədəniyyət naziri Ağcabədi şəhərindəki yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə, parkda yerləşən II Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsinə baş çəkib. Anar Kərimov həmin parkda dəfn edilmiş 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət edib, üzərinə tər çiçəklər düzüb.

Sonra Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Anar Kərimovun Ağcabədi, Ağdam və Laçın rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüşü keçirilib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, bölgəyə səfərinin əsas məqsədi mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Eyni zamanda həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edilərək mədəniyyət sahəsinin inkişafına töhfə verməsi də əsas məqsədlərdəndir.

Anar Kərimov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, azad olunmuş ərazilərdə eyni zamanda genişmiqyaslı mədəni quruculuq işləri aparılır: “Mədəni zənginliklər diyarı olan əzəli yurd yerlərimizə mədəniyyətin geri qaytarılması prosesi bizləri sevindirir. Bu istiqamətdə həyata keçirilən layihələrə Mədəniyyət Nazirliyi də öz töhfəsini verməyə çalışır. Ölkəmizin mədəniyyət ictimaiyyəti də bu prosesdə, təbliğat-təşviqat işlərində yaxından iştirak etməlidir”.

Görüş zamanı regionun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının çağımızın vacib tələbi olduğunu diqqətə çatdırıb.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.