Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin müəllimləri mayın 27-də Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Zərif Qayıbov adına 5 nömrəli Musiqi məktəbində tar, kamança, vokal və fortepiano ixtisasları üzrə ustad dərsləri keçiblər.
Dərslər Mədəniyyət Nazirliyinin “Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilib.
Musiqi məktəbinin müəllimi, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın fortepiano ixtisası üzrə keçirdiyi ustad dərsi görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunub. XX əsr Azərbaycan musiqi mədəniyyətinə mühüm töhfələr vermiş Rauf Hacıyevin çoxşaxəli yaradıcılığından danışan müəllim dərs prosesində bəstəkarın uşaq musiqi məktəblərində tədris olunan əsərlərini təhlil edib.
Növbəti ustad dərsi vokal ixtisası üzrə aparılıb. Mehriban Hüseynovanın apardığı dərs Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunub. Dərs prosesində bəstəkarın vokal yaradıcılığından bəhs edən müəllim mahnı və romanslarda obraz, mövzu, faktura tipi və harmonik dilin zənginliyindən danışıb. Bildirib ki, F.Əmirovun əsərləri öz əlvanlığı, orijinallığı və xəlqiliyi ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib.
Fərid Quliyevin tar ixtisası üzrə ustad dərsi isə məşhur şairə Xurşidbanu Natəvana həsr olunub. Müəllim şagirdlərə Natəvan haqqında geniş məlumat verib və xüsusi olaraq diqqətə çatdırılıb ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə şairənin anadan olmasının 190 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilir.
Svetlana Əliyevanın kamança ixtisası üzrə ustad dərsində Azərbaycan Dövlət Himninin mətninin müəllifi, istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığından bəhs olunub. Diqqətə çatdırılıb ki, bu il Əhməd Cavadın anadan olmasının 130 illiyidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin direktoru Sevil Ələkbərova bildirib ki, ustad dərslərinin keçirilməsində məqsəd məktəblərdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi, müəllimlərə metodiki köməkliyin göstərilməsindən ibarətdir.