28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, eləcə də beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı, 28 May – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının qurulması Azərbaycan xalqının həyatında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, bütün türk dünyasının qürur mənbəyinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycan dünya birliyində layiqli yer tutmuş azad, öz müqəddəratını özü həll edən, beynəlxalq aləmdə nüfuzlu söz sahibi olan bir ölkədir.
Türk dünyası ailəsinin önəmli bir hissəsi olan Azərbaycanın bütün sahələrdə sürətlə irəliləməsi, Sizin rəhbərliyinizlə ərazi bütövlüyünün təmin edilməsi və 44 günlük müharibədə tarixi Zəfərin qazanılması türk xalqlarına böyük qürur hissi yaşatmışdır. İnanıram ki, Zati-alinizin təşəbbüsü ilə yaradılan və türk xalqlarının maddi-mənəvi irsinin mühafizəsi, təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Azərbaycan Respublikası arasında sıx əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla inkişaf edəcəkdir.
Sizin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməyinizlə son dərəcə əlamətdar hadisəyə çevrilən bu tarix növbəti il bütün türk dünyasında təntənə ilə qeyd olunacaq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə keçiriləcək tədbirlərə öz töhfəsini verməyə hazırdır.
Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.