Türk dünyasında ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü münasibətlə Azərbaycanı, bütün Türk dünyasını təbrik edirəm
Bunu mayın 28-də "TEKNOFEST Azərbaycan" texnoloji festivalında çıxışında Nobel mükafatı laureatı Əziz Sancar bildirib.
Dünya şöhrətli alim qeyd edib ki, bu festivalda iştirakı üçün çox xoşbəxtdir: “Bir tövsiyəm var. Mən xərçəng xəstəliyi ilə bağlı çalışarkən Nobel mükafatı almaq üçün çalışmadım, insanlığa xeyir vermək üçün çalışdım. Dürüst, əxlaqlı olun. Bu formada çalışarkən mükafatınızı da alarsınız. Fateh Sultan Mehmet İstanbulu fəthdən əvvəl demişdi ki, ya mən səni alacam, ya da sən məni alacaqsan. Əziz gənclər, Vətəninizi sevin. Mənim üçün ən önəmli olanlardan biri Türk dünyasının inkişafıdır. Mardində kasıb bir ailədən gələn bir uşağa bir şansı verən məmləkətinizə güvənin. Məmləkətim deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam”.
Əziz Sancar qeyd edib ki, gəncliyində hər dəfə 40 saat davamlı çalışıb, indi isə 12 saat çalışır : “Siz gəncləri elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin. Bu festivala dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Tanrı Türkü qorusun!”