Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əslində də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri mayın 28-də Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti deyib: “Eynilə Anadolu kimi, bura bizim də torpağımızdır. Eynilə Türkiyə kimi, bura bizim də Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura bizim də öz yurdumuzdur. Eyni ilə Türkiyənin hər bir qarışı da sizlərin Vətəninizdir, yurdunuzdur”.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz. İki qardaşı heç bir məsafə ayıra bilməz, könüllərimiz arasında kimsə sərhəd çəkə bilməz.
“Bizim heç kimin torpağında, suverenliyində gözümüz olmadığı kimi, xəbis niyyətlilərə verəcək bir qarış torpağımız da yoxdur, olmayacaq. Çünki biz təsadüflərin bir araya gətirdiyi insanlar deyil, tarixi ilə, mədəniyyəti ilə, mədəniyyət dəyərləri ilə böyük bir millətin övladlarıyıq” – deyə o bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir: “44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Bu prosesdə Azərbaycan ilə paylaşdığımız müdafiə sənayesi məhsullarımızın uğuruna bütün dünya şahid olmuşdur. Müdafiə sənayesi məhsullarında gəldiyimiz səviyyə önəmlidir. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, həvəsinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir”.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, savaşda olduğu kimi, barış dönəmində də Türkiyə Azərbaycanın yanındadır: “Regional sülh və sabitlik üçün əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə olaraq güclü bir şəkildə dəstəkləyirik”.
Bölgəmizdə yeni bir səhifə açmaq vaxtının çatdığını qeyd edən Türkiyə Prezidenti deyib: “Hədəfimiz dayanıqlı sülhün təsis olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə möhkəm həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik”.
Türkiyə Prezidenti Bakıda "TEKNOFEST-Azərbaycan" festivalında iştirakı ilə bağlı rəsmi "Twitter" hesabında paylaşım da edib.
"Dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"i "Bir millət, iki dövlət, tək festival" şüarı ilə Bakıda gerçəkləşdirdik. Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik" – deyə paylaşımda qeyd olunub.
Türkiyə Prezidentinin "Twitter" hesabındakı digər paylaşımda isə "Akıncı ile Azərbaycanda" yazılıb.