28 May – Müstəqillik Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən söz açılıb.

Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində “Vətənim Azərbaycan” adlı solo konsert keçirilib. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyəti dövründə görülən işlərdən söz açıb. Konsertdə Uşaq incəsənət məktəbinin II sinif şagirdi Nuray Əlisoyun ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.

***

Sumqayıt RMİ Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi “28 May” Mədəniyyət evində Müstəqillik Gününə həsr olunan “Şuşalı yurdum” adlı hesabat konserti keçirib. Konsertdə məktəbin şagirdlərindən ibarət xor kollektivi və uşaq ansamblı maraqlı və rəngarəng musiqilərlə çıxış ediblər. Konsertdən sonra çıxış edən idarə rəisi Rəşad Əliyev 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından söhbət açıb.

Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanası və 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Dövlətçilik tariximizin şərəfli səhifəsi” adlı oxucu konfransı keçirilib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən Sumqayıtın Tarixi Muzeyi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbi, M.Ə.Rəsulzadə adına kitabxana filialı, Abşeron rayon Mərkəzi Kitabxanası, rayon MKS-nin 5 nömrəli Mehdiabad kitabxana filialı, Abşeron rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər onbirillik Musiqi məktəbi, Mehdiabad qəsəbə Uşaq musiqi məktəbi, Şuşa rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi, Şuşa rayon Mədəniyyət evi, Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və RMİ-nin Qubadlı rayon nümayəndəliyi də əlamətdar günlə bağlı müxtəlif tədbirlər təşkil ediblər.

***

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Şəki şəhər Uşaq incəsənət məktəbinin konsert proqramı maraqla qarşılanıb.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda Müstəqillik Gününə həsr olunan film nümayiş etdirilib.