AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Mirzə Ələkbər Sabir poeziyasında Azərbaycan dilinin leksikası” mövzusunda elmi sessiya keçirilib.

Görkəmli maarifpərvər şairin 160 illik yubileyinə həsr olunan sessiyanı giriş sözü ilə açan institutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli M.Ə.Sabirin yaradıcılığından, ona olan xalq məhəbbətindən danışıb.

Bildirilib ki, şair poeziyamızın dil imkanlarını genişləndirib, həm də fərqli dil-üslub xüsusiyyəti yaradıb. Onun şeirlərində cahilliyi, nadanlığı yayanlar xalqın düşməni kimi təqdim olunur.

İnstitutun əməkdaşları Elçin İsmayılov “Sabir şeirinin lirizmi”, Gülbəniz Babayeva “Sabir satiralarının dil və üslub xüsusiyyətləri”, Zamiq Təhməzov “Sabir satiralarında psixologizmlər” mövzularında məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, M.Ə.Sabir dilimizin keşiyində dayanan, onun imkanlarından, üslubi çalarlarından yerli-yerində və böyük sənətkarlıqla bəhrələnən sənətkarlarımızdandır. Sabir satiralarının dili və üslubu canlı xalq danışıq tərzinə çox yaxındır.