AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, şair, dramaturq, publisist İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” adlı yeni kitabı çapdan çıxıb. Kitab erməni terrorunun qurbanı olmuş uşaqların xatirəsinə ithaf edilib. Kitaba dosent Fidan Nizaməddinqızı “Tanrıdan gələn səsdir: “Qıymayın uşaqlara” adlı ön söz yazıb.

Nəşrdə yer alan bədii nümunələrdə müharibə törədənlərə, uşaq ölümü hallarına dərin nifrət, 44 günlük Vətən müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır.

Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üçpərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.

Qeyd edək ki, İ.Yusifoğlunun “Araz bayatıları”, “Bu həyat mənimlə yola getmədi”, “Mənim inamımı güllələdilər”, “Arxamca boylanan baxışların var”, “Sulara danışdım yuxularımı” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Şairin müxtəlif vaxtlarda nəşr olunmuş “Arpaçayın uşaqları”, “Futbolçu, topçu, gopçu”, “Vətən nəğməsi”, “Göy yerə zəng eləyir” kitabları isə uşaqlar üçün qələmə alınmış şeir, poema və mənzum pyeslərdən ibarətdir.