Məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi başa çatıb. Layihənin yekun konsert proqramı iyunun 1-də Şuşada keçiriləcək.
Konsert proqramı Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real məktəbi binasının otuzillik erməni işğalının izlərini yaşadan divarları qarşısında baş tutacaq.
Tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunacaq, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq. Həmçinin festival-müsabiqənin qalibləri mükafatlandırılacaq.
Qeyd edək ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya ( ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət) üzrə keçirilən müsabiqəyə ümumilikdə 10 mindən çox şagird qatılıb.