Mayın 30-u böyük şair, mütəfəkkir, maarifçi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi tamam olur.

Milli ədəbiyyatda tənqidi realizmin yaradıcılarından biri kimi geniş şöhrət qazanmış şair bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

M.Ə.Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapıb. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edib.

Şairin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Mirzə Ələkbər Sabir – 160” adlı virtual sərgi açılıb.

Virtual sərgidə M.Ə.Sabir haqqında fotolar, onun müəllifi olduğu və haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Mirze_Elekber_Sabir/index.htm