C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası böyük satirik ustad, mahir pedaqoq Mirzə Ələkbər Sabirin 160 illik yubileyi münasibətilə videomaterial, biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlayıb.

Videomaterialda görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, əsərlərindən nümunələr təqdim olunur. Burada görkəmli şəxslərin Sabir haqqında söylədikləri fikirlərlə yanaşı, ədibin özünün qiymətli mülahizələri də yer alıb. Qeyd olunur ki, Sabirin məşhur "Hophopnamə"si təkcə müəllifin deyil, bütövlükdə "Molla Nəsrəddin" ətrafında formalaşan tənqidi realist şeirin zənginliyini, dəyərini göstərən xəzinədir.

Azərbaycan və rus dillərində tərtib edilən biblioqrafik icmalda isə M.Ə.Sabirin müəllifi olduğu və haqqında yazılan 20-dən çox kitabın qısa xülasəsi və görüntüləri təqdim edilir.

Kitabxanada təşkil edilən ənənəvi sərgidə ədibin müəllifi olduğu kitablarla yanaşı, haqqında məqalələrin işıq üzü gördüyü mətbuat nümunələri də yer alır.

Hazırda Respublika Gənclər Kitabxanası M.Ə.Sabirin 160 illik yubileyi ilə əlaqədar geniş elektron məlumat bazası üzərində işləyir. Yaxın zamanlarda elektron bazanın izləyicilərə təqdim olunması nəzərdə tutulur.