“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün bayram şənliyi təşkil olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan bayram tədbiri “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində həyata keçirilib.
Tədbirdə 200-dən artıq Vətən müharibəsi şəhidinin ailə üzvləri, ictimaiyyət və mədəniyyət xadimləri, eləcə də Vətən müharibəsi zamanı xüsusi reportajları ilə tanınan türkiyəli jurnalist Fulya Öztürk iştirak edib.
Bayram şənliyində uşaqlar üçün rəqs və musiqi nömrələri səsləndirilib, vətənpərvərlik mövzusunda çıxışlar edilib.
Şəhidlərin adından övladlarına müraciət formasında hazırlanmış “Atadan məktub” adlı videoçarx təqdim olunub. Sonda şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.