Azərbaycan
1 iyun 1920 – Xalq artisti Raxil Solomonovna Ginzburq (1920 – 6.12.1995) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.
1 iyun 1936 – Xalq artisti, dirijor Nəriman Abbasqulu oğlu Əzimov (1936 – 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
1 iyun 1939 – Ali Sovetin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. Elmlər Akademiyasının binasında yerləşən kitabxana 1961-ci ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundzadənin büstü (heykəltəraş İbrahim Zeynalov) qoyulub.
1 iyun 1940 – Əməkdar rəssam Ənvər Əsgər oğlu Əsgərov (1940-2014) Qəbələ rayonunda anadan olub. Abşeronun koloriti, sənaye mənzərələri ilə bağlı tabloların, natürmortların müəllifidir.
1 iyun 1943 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1943 – 21.1.2021) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında rejissor assistenti, dublyaj rejissoru, Dublyaj şöbəsinin müdiri işləyib.
1 iyun 1944 – Əməkdar artist Mübariz Əlixan oğlu Paşayev (1944 – 31.8.2006) Zəngilan rayonunda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə (“Qərib cinlər diyarında”, “Dantenin yubileyi” və s.) çəkilib.
1 iyun 1950 – Əməkdar artist Tanilə Aysayevna Əhmərova (1950 – 4.8.2015) Bakıda anadan olub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Sevinc buxtası” (Leyla), “Qayınana” (Sevda), “Üzeyir ömrü” (Üzeyirin anası) və s.
1 iyun 1953 – Əməkdar artist, teatr və kino aktyoru Ömür Məlik oğlu Nağıyev (1953 – 31.12.2013) anadan olub. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə Teatrında, Rus Dram Teatrında çalışıb.
2 iyun 1979 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (15.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərə quruluş verib.
2 iyun 2013 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə vəfat edib. Passi qəbiristanlığında dəfn olunub.
3 iyun 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1.1.1947 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
3 iyun 2006 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (10.9.1931 – 2006) vəfat edib. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.
Dünya
1 iyun 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lüdmila” operalarının müəllifidir.
1 iyun 1850 – Türk yazıçısı Şəmsəddin Sami (1850-1904) anadan olub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.
1 iyun 1926 – Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe – əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub.
1 iyun 1929 – Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
2 iyun 1840 – İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.
2 iyun 1904 – Tarzan haqqında filmlərdə baş rolun ifaçısı kimi tanınan amerikalı Conni Vaysmüller (Johnny Weissmuller; 1904-1984) anadan olub. Məşhur idmançı üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu olub.
2 iyun 1988 – Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 – 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
3 iyun 1875 – Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet; 25.10.1838 – 1875) vəfat edib. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
3 iyun 1924 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 3.7.1883 – 1924) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.
3 iyun 1963 – Türk şairi, yazıçı-dramaturq Nazim Hikmət (15.1.1902 – 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmləri çəkilib.
Hazırladı: Vüqar Orxan