Zamanın səhifələrində qalan olaylar, faktlar...
176 il əvvəl...
3 iyun 1846-cı ildə ABŞ qoşunları Meksika ilə müharibədə Yerba-Buena şəhərini ələ keçiriblər. Şəhərin adı dəyişdirilərək San-Fransisko elan edildi. Həmin vaxt kiçik şəhərdə minə yaxın adam yaşayırdı.
102 il əvvəl...
3 iyun 1920-ci ildə bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi.
84 il əvvəl...
2 iyun 1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmişdi. 1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başladı. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
72 il əvvəl...
1 iyun 1950-ci ildə ilk dəfə Beynəlxalq Uşaqları Müdafiə Günü qeyd olunub. Əlamətdar gün 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. Bundan əlavə, 1956-cı ildən uşaqlarla bağlı daha bir gün, BMT tərəfindən təsis edilən 20 noyabr – Dünya Uşaq Günü (Universal Children’s Day) də qeyd olunur.
69 il əvvəl...
2 iyun 1953-cü ildə Böyük Britaniya Kraliçası II Elizabetin tacqoyma mərasimi keçirilib. O, 1952-ci ilin əvvəlində atası VI Georqun vəfatından sonra kraliça elan edilsə də, tacqoyma mərasimi 16 ay gec təşkil olundu. 70 ildir Britaniya taxtında oturan II Elizabet dünyanın ən uzunömürlü monarxıdır.
60 il əvvəl...
1-2 iyun 1962-ci ildə Rostov vilayətinin (Rusiya) Novoçerkassk şəhərində Sovet İttifaqı tarixində ən böyük sosial xarakterli iğtişaşlardan biri baş verib. Qiymətlərin görünməmiş şəkildə qalxması (1961-ci il pul islahatından sonra) ayrı-ayrı yerlərdə etirazlar doğurmuşdu. Novoçerkassk şəhərinə fəhlələrin kütləvi etirazını yatırmaq üçün qoşun hissələri yeridiblər. Toqquşma nəticəsində şəhərin 24 sakini həlak olmuşdu. Sovet tarixinin ört-basdır etdiyi hadisə yalnız 80-ci illərin sonlarında geniş ictimaiyyətə bəlli oldu.
33 il əvvəl...
3 iyun 1989-cu ildə Çinin paytaxtı Pekindəki Tyananmen meydanında aprel ayından davam edən fasiləsiz tələbə mitinqləri hərbi güclə yatırdılıb. Milyona yaxın tələbənin etiraz aksiyasını dağıtmaq üçün meydana tanklar yeridilib. Qeyri-rəsmi məlumatlara görə, meydanda mindən çox adam həlak olmuşdu.
30 il əvvəl...
3 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
26 il əvvəl...
3 iyun 1996-cı ildə Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan prezidentləri Boris Yeltsin, Heydər Əliyev, Eduard Şevardnadze, Levon Ter-Petrosyan Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda Bəyannamə” imzalayıblar. Bu sənədlə “Qafqaz dördlüyü” formatının əsası qoyulub. Amma onun real ömrü olmadı.
Hazırladı: V.Orxan