Mayın 27-də ReArt Agentliyi, AXIN təşkilatı, “KulturMulturBaku” və “Mardi Studio”nun dəstəyi ilə rəssam Elşən Qaracanın “Təyinat nöqtəsi” adlı fərdi sərgisi açılıb.
“Mardi Studio”da təşkil olunan sərginin açılışında Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, “Bakı” rəsm qalereyasının direktoru Eldəniz Babayev, sənətşünas Sevil Kərimova, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin əməkdaşı Aqşin Feyzullayev və sərginin kuratoru Mehparə Abbasova çıxış ediblər.
Qeyd edək ki, məkan konsepsiyası rəssamın yaradıcılığında açar yerlərdən birini tutur. Onun əsərləri vizual meditasiya effekti yaradır: bir neçə baxış nöqtəsinin və süjet elementinin fərqli trayektoriyada verilməsi və sözün əsl mənasında tamaşaçını əsərin səthi üzərində “səyahət etməyə” və öz təyinat nöqtəsini tapmağa şövq edir. Monumental təsir bağışlayan kətan üzərindəki işlər digər reallığa metaforik pəncərə rolunu oynayır: rəngkarlıq tarixi urbanistik mənzərələri 3D prizmadan verilərək baxış nöqtəsini dəyişirlər. İşlərin mövzu planı – poetikləşdirilmiş “gəmi-şəhər-abidələr” triadası və, onları birləşdirən səbəb-nəticə əlaqələrinin xarakteri təşkil edir.
Sərgidə zərb alətləri ifaçısı Elvin Bəşirovun musiqi performansı da təqdim edilib.
Elşən Qaracanın “Təyinat nöqtəsi” sərgisi 3 iyun tarixinədək davam edəcək.