İctimai Televiziyada böyük satirik şair, maarifçi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi ilə əlaqədar “Səbirli adam. Mirzə Ələkbər Sabir” adlı yeni bədii-sənədli film çəkilib. Film şairin keçməkeşli həyatına işıq salır.
Ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, filmdə Sabirin həyat və yaradıcılığının bir sıra gizli məqamları barədə söhbət açılır: “Məsələ burasındadır ki, şairin vəfatından sonra onun düşmənləri əsərlərini məhv etmək planı qururlar. Lakin şairin qızı bu təhlükəni duyaraq, Sabirn əsas şeirlərini üzə çıxarmır və bununla da “Hophopnamə” xilas olunur. Bütün bu hadisələr filmdə aktyor oyunu ilə təqdim edilir”.
Sabir Allahsız idimi? Sabir yoxsul idimi? Şairin həyatına dair bu və digər suallara filmdə cavab verilir.
Filmdə böyük satirikin həyatı və yaradıcılığı barədə Xalq yazıçısı Anar, şairin nəvəsi Sevda Tahirli, eləcə də Ankara Universitetinin professoru, məşhur tarixçi İlber Ortaylı söhbət açır.
“Səbirli adam. Mirzə Ələkbər Sabir” bədii-sənədli filminin quruluşçu rejissoru Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, ikinci rejissoru Çingiz Həsənov, quruluşçu rəssamı Vüsal Rəhim, montaj rejissoru Elçin Elxanlıdır.
Qeyd edək ki, film ilk dəfə şairin doğum günündə – mayın 30-da İctimai Televiziyada nümayiş olunub.