Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə heyətinin və üzvlərinin ümumi iclası keçirilib.
Milli İncəsənət Muzeyində keçirilən tədbirdə öncə AKİ-nin mərhum sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AKİ-nin İdarə heyətinin üzvü, Xalq yazıçısı Anar çıxış edərək Rüstəm İbrahimbəyovun Azərbaycan kino və ədəbiyyat tarixində yerini yüksək qiymətləndirib. Sonra o, ittifaqın sədrliyinə açıq səsvermənin keçirilməsini təklif edib və namizəd kimi Xalq artisti Rasim Balayevi təklif edib.
Təklif yekdilliklə qəbul edilib və Rasim Balayev AKİ-nin yeni sədri seçilib.
Xatırladaq ki, Rasim Balayev 1990-cı ildən 2013-cü ilə qədər AKİ-nin I katibi olub.
AKİ 1963-cü ildə təsis edilib. 1981-ci ildən ittifaqa kinodramaturq Rüstəm İbrahimbəyov rəhbərlik edib. Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-da vəfat edib.
Qeyd edək ki, 2012-ci ildən ölkəmizdə kino sahəsi üzrə daha bir yaradıcı ittifaq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təsis edilib. Həmin il AKİ-ni tərk edən bir sıra kino xadimləri yeni ittifaqa üzv olublar.