İyunun 1-də saat 11:00-da Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçiriləcək. “Şuşa İli”nə həsr olunmuş festival Azərbaycan Milli Xalça Muzeyi və Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 №-li tam orta məktəbin birgə əməkdaşlığı ilə baş tutacaq.
Festivalda ayrı-ayrı musiqi və rəqs qruplarının, yaradıcı kollektivlərin ifaları təqdim ediləcək. 47 №-li tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən "Arşın mal alan" tamaşaları, həmçinin “Uçan xalça” marionet teatr tamaşası nümayiş olunacaq.
Tədbirdə muzeyin Şuşa filialının məktəblilər arasında keçirdiyi “Şuşa qəhrəmanları” mövzusunda rəsm və inşa müsabiqəsi iştirakçılarının əl işləri sərgilənəcək, onların yazdıqları inşalar oxunacaq. Eyni zamanda, burada Bakı Modern Təhsil Kompleksinin şagirdlərinin əl işlərindən ibarət “Qarabağın təsviri – art obyekt” adlı sərgi keçiriləcək.