Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda ölkəmizin Müstəqillik Günü münasibətilə tədbirlər keçirilib.
Konsert proqramını Rusiya və beynəlxalq müsabiqələr laureatları İbrahim Nağıyev (violonçel) və Dmitri Sıqanov (fortepiano) açaraq, Qara Qarayev, Ələkbər Tağıyev və digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Proqram “Azərbaycan” pavilyonun qarşısında açıq havada davam edib. SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Russkiy balet” Moskva Vilayət Dövlət Akademik Teatrı solistlərinin ifasında Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə” baletləri, həmçinin Nazim Əliverdibəyovun musiqisinə Azərbaycanın tanınmış baletmeysterləri – Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş verdikləri “Muğam” xoreoqrafiya miniatürləri təqdim olunub.
Rusiya paytaxtının və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qonaqları proqramı maraqla qarşılayıblar.
Pavilyonun direktoru Səadət Qədirova deyib: “Moskvada hətta hava da bizə köməkçi oldu. Yağışlı havanın olmasına baxmayaraq, görkəmli bəstəkarlarımızın əsərlərini səslənəndə göy üzü açıldı. Pavilyonumuzun qarşısında balet artistlərinin ifasında Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyovun əsərləri moskvalılara və pavilyonumuzun qonaqlarına xoş anlar yaşatdı. Azərbaycanın Müstəqillik Günündə harada yaşamasından, harada çalışmasından asılı olmayaraq, bir daha azərbaycanlı olmağımızdan qürur duyuruq...”.