BDU-da keçirilən Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Akademiyasının (BTA, mənzil-qərargahı Nur Sultan şəhərində yerləşir) qazax dilində nəşr etdiyi “Qarabağ: Azərbaycanın incisi – tarixi, mədəniyyəti, təbiəti” kitab-albomunun təqdimatı keçirilib.
BTA-nın vitse-prezidenti Füzuli Məcidli tədbirin məqsədi və kitab-albom barədə məlumat verib. O, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı fundamental nəşr ərsəyə gətirdiyini diqqətə çatdırıb.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, qazaxıstanlı şair Gülnaz Fayzulla və digər qonaqlar çıxış ediblər.
Tədbirin sonunda iştirakçılar BTA-nın nəşrlərinin sərgiləndiyi stendlə tanış olublar.