Anlaşma memorandumu imzalanıb

 

Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb. 

Bu münasibətlə mayın 27-də BDU-da keçirilən mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, davamlı əməkdaşlığın təminatı olacaq memorandum hər iki qurum üçün mühüm əhəmiyyət daşıyır: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dövlət əhəmiyyətli və beynəlxalq miqyaslı proqramlar vasitəsilə maddi və mənəvi dəyərlərimizin mühafizə edilməsi, dünyada tanıdılması, gənc nəslə aşılanması sahəsində böyük təcrübəyə malikdir. İmzalanacaq memorandum çərçivəsində türk xalqlarının mədəni irsinin təbliği, görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə birgə konfrans, simpozium və sərgilərin keçirilməsi, universitetin sonuncu kurs tələbələri üçün fondda 1-3 aylıq istehsalat təcrübələrinin təşkili, Türk dünyasına mühüm töhfələr verən tədqiqat işlərinin aparılmasında fərqlənən tələbələrə təqaüdün ayrılması, BDU-da fondun dəstəyi ilə “Türk dünyası elmi araşdırmalar mərkəzi”nin yaradılması və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulur”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da memorandumun rəhbərlik etdiyi qurum üçün əhəmiyyətini qeyd edib: “Fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsildir. Müxtəlif universitetlərdə Türk dünyası mərkəzləri şəbəkəsi yaratmaq istəyirik. BDU ilə birgə yaradılacaq “Türk dünyası elmi araşdırmalar mərkəzi” də bu məqsədə xidmət edəcək. Fondun əsas məqsədi türk xalqlarını daha da yaxınlaşdırmaq, tariximizi, ədəbiyyat və mədəniyyətimizi təbliğ etməkdir”.

Günay Əfəndiyeva qeyd edib ki, fond eyni zamanda Türk dünyası universitetlərinin şəbəkəsini yaratmağa çalışır.

Daha sonra iki qurum arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.