Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində tanınmış yazıçı Xalidə Hasilovanın (1920-1996) hekayələri özbək dilinə tərcümə edilərək nəşr olunub.
Daşkənddəki “Renessans press” nəşriyyatında çapdan çıxan “Siren dastası” (“Yasəmən budağı”) adlı hekayələr toplusunu özbək dilinə tərcüməçi Şokir Dolimov çevirib.
Kitabın ön sözünün müəllifi AMM-nin direktoru Samir Abbasovdur. "Ədəbiyyatımızın, nəsrimizin əbədiyaşar Xalida xanımı” başlıqlı ön sözdə Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduqları yazıçının yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, Xalidə Hasilova ədəbiyyata uşaq yazıçısı kimi gəlsə də, sonralar həm uşaqlar, həm də böyüklər üçün yazdığı maraqlı nəsr əsərləri ilə geniş oxucu kütləsinin qəlbini fəth edib. Yazıçının hekayələri ilk dəfə özbək dilində işıq üzü görür.
Topluda Xalidə Hasilovanın “Həyatın kəsişməsi”, “İradə”, “Yasəmən budağı”, “Uzaq keçmişdə”, “Meşə qızı”, “Xatirə”, “Gecə söhbəti”, “Yağış dayandı”, “Çoxdan gözlənilən məktublar” və başqa əsərləri yer alıb.
Kitabın AMM tərəfindən Daşkənddə təqdimatının keçirilməsi və yerli kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.