1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar olaraq Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 saylı tam orta məktəbin II, II və IV sinif şagirdləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.

Kitabxananın direktoru Aslan Cəfərov müəllimələr Fəziylə Cəfərova, Zülfiyyə İsmayılova, Təranə İbrahimova, Zəminə Hüseynova və Vüsalə Abdullayevanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onları əlamətdar gün münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti sayəsində ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsindən, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin aparılmasından danışan direktor məktəblilərə kitabı sevməyi, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə edib.

Sonra 31 saylı orta məktəbin şagirdləri xor ilə “Uşaqlıq illəri mahnısını” ifa edib, Vətən, təhsil, hərbi vətənpərvərlik mövzularında şeirlər söyləyiblər. Məktəbin IV sinif şagirdi Yusif Abbaslı tarda musiqi parçaları ifa edib.

Sonda direktor Aslan Cəfərov 31 saylı məktəbin kitabxanasına kitab hədiyyə edib. Uşaqlara “Azərsun Holding”ın əməkdaşı Nərminə Abdullazadə tərəfindən də hədiyyələr verilib.