“Koroğlu” operasının ilk tamaşasında tarda ifa etmişdi...

 

Üzeyir Hacıbəyli məktəbinin yetirmələrindən söz düşəndə ilk xatırlananlardan biri də musiqi mədəniyyəti tariximizdə öz dəst-xətti ilə tanınan bəstəkar, Xalq artisti Hacı Xanməmmədovdur. Görkəmli bəstəkar dolğun yaradıcılığı dövründə bir çox janrlarda parlaq əsərlər yaradıb. Sənətkarın qəlboxşayan mahnıları, “Azərbaycan eskizləri”, “Bayram”, “Azərbaycan” süitaları musiqi xəzinəmizi zənginləşdirən nümunələrdir.

Hacı Dadaş oğlu Xanməmmədov 15 iyun 1918-ci ildə qədim Dərbənd şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir. Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərinə gəlir. Təsadüf nəticəsində dahi bəstəkar Üzeyir Hacıbəyli ilə qarşılaşır. Bu görüş onun gələcək taleyini müəyyənləşdirir. Böyük musiqi xadiminin tövsiyəsi və himayəsi ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Burada görkəmli bəstəkar Səid Rüstəmovdan dərs alır. Ü.Hacıbəylinin “Koroğlu” operası 1937-ci ildə Akademik Opera və Balet Teatrında tamaşaya qoyulur. Bəstəkarın dəvəti ilə Hacı Xanməmmədov simfonik orkestrdə solo tarda ifa edir. O, bir il sonra, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də “Koroğlu” operasının tamaşasında iştirak edir.

1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisinin əsasları şöbəsi açılır və Üzeyir bəy H.Xanməmmədovu ora dəvət edir. Musiqi folklorunu dərindən mənimsəyən sənətkar ilk mahnılarından artıq xalq musiqisindən, muğam çalarlarından bacarıqla istifadə etməyə başlayır. H.Xanməmmədov II Dünya müharibəsi illərində daha çox vətənpərvərlik ruhlu əsərlər üzərində işləyir. Onun “Yürüş marşı”, “Qəhrəmani” bu mövzuda yazdığı maraqlı musiqi əsərlərindəndir.

Müharibədən sonra bəstəkarlıq üzrə təhsil almağın zəruriliyini hiss edir və konservatoriyaya daxil olur. Əvvəlcə professor Boris Zeydmanın, sonra isə Qara Qarayevin sinfində oxuyur. Onun xalq musiqisini dərindən bilməsini, mahir tar ifaçısı olduğunu nəzərə alan Q.Qarayev gənc bəstəkara tar və simfonik orkestr üçün əsər yazmasını təklif edir. Beləcə, Azərbaycan musiqi tarixində ilk “Tar və simfonik orkestr üçün konsert” yaranır. Görkəmli bəstəkar əsərin ərsəyə gəlməsində tarın zəngin intonasiya xüsusiyyətlərindən və texniki məziyyətlərindən bacarıqla bəhrələnir. Əsərin ilk ifaçısı görkəmli tarzən Əhsən Dadaşov olur.

Maraqlıdır ki, Azərbaycan musiqi tarixində kamança ilə simfonik orkestr üçün ilk konserti də H.Xanməmmədov yazıb. Bəstəkar bu konserti 1990-cı ildə bəstələyir, kamançanın tembr xüsusiyyətlərini və ifadə vasitələrini məharətlə göstərir.

H.Xanməmmədov hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərib. Sonralar bir neçə qədim musiqi alətimizi orkestrə gətirib.. Onun simfoniyettaları, simfoniyaları, süitaları əlvan və zərif ritmləri, zəngin melodiyaları musiqişünaslar tərəfindən yüksək qiymətləndirilib.

Hiss və duyğular bəstəkarı Aşıq Ələsgər və Mikayıl Müşfiq yaradıcılığına daha çox müraciət edib. Mahnıları və şən melodiyaları repertuardan düşməyib. Qəlbaçan, könül oxşayan mahnılarını korifey sənətkarlarımızdan Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova və başqaları böyük şövqlə ifa ediblər.

Aşıq Ələsgərin sözlərinə yazılan “Telli”, “Güllü”, “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü” mahnıları, M.Müşfiqin şeirlərinə bəstələdiyi “Yaşa, könül”, “Yadıma düşdü”, “Oxu, sevgilim”, “Sənin gözlərin”, “Qurban olduğum”, “Neyçün gəlmədin”, “Arzuya bax, sevgilim” və başqa əsərləri bu gün də eyni şövqlə sevilir.

H.Xanməmmədov həmçinin gənclik illərindən xalq mahnılarını toplayaraq nota salıb. “Bəh-bəh”, “Ay qadası”, “Gəl, gəl”, “Ay qız, heyranın ollam”, “Yadıma sən düşəndə” və s. mahnıları buna misal göstərmək olar. Musiqiçi kadrların yetişməsində də mühüm xidmətlər göstərən bəstəkar əvvəlcə A.Zeynallı adına Bakı Musiqi Məktəbində çalışıb. 1957-ci ildən isə ömrünü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə həsr edib.

Görkəmli sənətkar yaradıcılıqla bərabər, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. 1967-ci ildə “Əməkdar incəsənət xadimi”, 1988-ci ildə “Xalq artisti” fəxri adlarına, 2000-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.

Adını əbədi yaşadacaq bənzərsiz əsərlər müəllifi kimi tanınan Hacı Xanməmmədov 7 aprel 2005-ci ildə, 87 yaşında vəfat edib.

Savalan Fərəcov