Xalq rəssamı Toğrul Nərimanbəyov bir vaxtlar “Ulduz” jurnalında onun haqqında belə yazmışdı: “...Daş heyrətimiz Qobustandan, İntibah dövrünün nadir incilərindən üzü bəri dünya rəngkarlıq sərgisində görüb-götürməli nə varsa, heç biri diqqətindən yayınmasın. Fırçası həyatla üz-üzə, nəfəs-nəfəsə yaşasın və təbiətin əlifbası dediyimiz fəsillər kimi hər rəngin öz boyası olsun. O zaman ağappaq kətan yeddirəng göyqurşağına dönər. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi Fikrət İbrahimov öz duyumu, müşahidə tərzi, əlvan palitrası olan rəssamdır...”.

Toğrul Nərimanbəyov onu öz tələbəsi kimi yaxşı yetişdirmişdi. Rəssam özü sonralar müəllimləri Toğrul Nərimanbəyov və Səttar Bəhlulzadənin öyrətdiklərini yetəri qədər mənimsəyə bilmədiyini etiraf etsə də, onların tələbəsi olduğu üçün bu gün də fəxr edir. Fikrət İbrahimlinin sonralar yaranacaq dəst-xəttində və bədii ifadə estetikasında bu iki böyük sənətkarların müsbət təsirini görmək mümkündür.

Azərbaycan rəssamlıq sənəti tarixində Neftçala rəssamlarının xüsusi yeri olduğunu əminliklə deyə bilərik. Çünki burda yetişən əksər rəssamlar respublikada çox məşhur olan “Adil Hacıyev məktəbi”ni keçmişdi. Onlardan biri də 2 iyun 1955-ci ildə Neftçala rayonunun Xıllı kəndində dünyaya gələn Fikrət Əli oğlu İbrahimlidir.

Gündəlik ona verilən pullara qaçıb fırça, boya alan Fikrət 9-cu sinifdən rəsm çəkməyə başlamışdı. Atası oğlunun arzularını gerçəkləşdirmək üçün onu dostu, Xalq rəssamı Adil Hacıyevin yanına apararaq rəssamlıq sənətinin sirlərini öyrənməsinə dəstək olur. Rəssamlığa olan həvəs sonralar onu Bakı şəhərinə gətirdi. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil aldı. Fikrət İbrahimli 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Ömrünün bir qərinəsindən çoxunu rənglər dünyası ilə təmasa-ünsiyyətə həsr edən Fikrət İbrahimli sənətdə milli ruhun qorumasına çalışan, öz dəst-xətti olan rəssamlardandır. Onun əsərlərində daha çox qürubun, tündsarı və açıqqəhvəyi rənglərin ahəngi diqqəti cəlb edir. Özünün təbirincə desək, rəsm musiqinin və rəqsin rəngli formasıdır. Bu ikisinin harmoniyası rəsmdə birləşir. Rəsm çəkəndə isə rənglərin harmoniyasına mütləq şəkildə diqqət etmək lazımdır.

Fikrət İbrahimlinin əsərlərinə nəzər salsaq, realizmin daha çox üstünlük təşkil etdiyini görə bilərik. Ümumilikdə ekspressionizm, impressionizm, postimpressionizm, avanqard və daha çox realizmin üzərində qurulan əsərlərin müəllifi rənglərdən yerində istifadə etmək bacarığının nə qədər önəmli olduğunu vurğulayır. Rəssamın yaradıcılığı kifayət qədər janr əlvanlığı ilə diqqət çəkir. “Dəniz, günəbaxanlar”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Van Qoq günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy” və s. əsərləri bir-birindən maraqlı kompozisiya quruluşu və milli kolorit zənginliyinə görə diqqəti cəlb edir.

Xalqın, elin milli mənəviyyatını, adət-ənənələrini, həyat tərzini, sevincini, şadlığını özündə cəmləyən toy-düyün mərasimləri hər zaman sənət adamlarının diqqət mərkəzində olub. Nəsildən-nəslə keçərək qorunub yaşadılan bu ənənələrimiz təsviri sənət sahəsində də olduqca zəngin yer tutmaqdadır. Mahir fırça ustası Fikrət İbrahimlinin yaradıcılıq fəaliyyətindən də yan ötməyən bu mövzu “Toya hazırlıq” süjetli kompozisiyasında öz əksini tapıb. Kompozisiyada saflığın, yeni başlanğıcın simvolu hesab edilən bəyaz libaslı gəlin mərkəzi fiqur kimi çıxış edir. Utancaq, həyəcanlı baxışlarla izləyicilərə baxan gəlinin ətrafında onun sevincinə şərik olmağa çalışan xanımları görürük. Sanki ətraf aləm, təbiət də təzə gəlinin həyəcanını paylaşaraq, dinamik, canlı və coşqulu əhvala bürünüb. Hər bir fiqur öz individual jestləri, mimikaları ilə təsvir olunub. Sağ tərəfdə xəlvəti pıçıldaşan xanımlar, ətrafında şənlikdən zövq alan balacalar, sol tərəfdə isə sevinc və qayğı ilə gəlini izləyən böyüklər təsvir olunub. Süjetli tablonun rəng şkalası dolğundur. Titrək və enerjili fırça vuruşlarının nəqş etdiyi lirizm rəssamın mövzu seçiminə çox yaraşır.

Xoşahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiyalar sənətkarın üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir. Sadə, lakin təsirli bir kompozisiya quruluşuna əsaslanan “Xonça aparanlar” əsərində rənglər səssiz və istidir. Arxa fon günəş sarısı, parlaq qızılı tonlar və qırmızı ləkələrdən ibarətdir. Rəssamın seçdiyi palitra əsərin dramatik gücünü artıran önəmli ünsürlərdən biridir. Çoxfiqurlu kompozisiyanın əsas qəhrəmanları olan qadınlar və balaca uşaq bütün duyğu dəyişikliklərini öz mimikalarında büruzə verirlər. Xanımlardan ikisinin əlində qırmızı örtükdə məcmeyi-xonça var. Xonçalar xoş xəbərin, xeyir işin rəmzi hesab olunurlar. Qadınlar zərif və emosional baxışları, duruşları ilə əsəri bəzəyirlər. Azyaşlı uşaq saf nəzərlərini izləyicilərə tuşlayıb. Kompozisiyanın ən maraqlı obrazı isə ağbirçək qadındır. Həlim siması ilə bizə doğma gələn bu qadın sanki arxasındakı sakit, mülayim dənizin əksidir. Kompozisiyanın dinamikası, gücü, ritmi isə təlaşsız ləpələrin üzərində qanad çalan ağ qağayılardır. Bəlkə də bu coşqun qağayılar vasitəsilə rəssam bizə gənc qadınların coşub-çağlayan ruhlarını, qəlblərini göstərmək istəyir.

18 il İçərişəhərdə yaşayan rəssam qədim qalanın hər yerinə bələddir, buranın labirintəbənzər küçələrini, onun ayrı-ayrı abidələrini, daşlara hopmuş xatirələrini sevə-sevə kətana köçürüb. Doğma şəhərin təsvirinə mücərrəd və daha nağılvarı yanaşan sənətkar Bakının dinamikasını, xaosunu, ritmini, estetikasını izləyicilərinə “İçərişəhər” tablosunda təqdim edib. Şərqin, demək olar ki, simvoluna çevrilmiş ənənəvi memarlıq elementləri – günbəzlər, minarələr, sadə eyvanlar köhnə Bakının xatirələrimizə sinən görüntüsünü kövrək duyğular ilə yada salır. Kompozisiyanın əsas xüsusiyyətləri arasında hərəkət hissi, işıq və kölgə arasındakı kontrast yer almaqdadır. Şəhərin mistik təsvirində forma ilə rənglər də bərabər dərəcədə rol oynayır. Həndəsi formalar ilə, cizgi və əyrixətli biçimlərdən çox istifadə edilməsinə baxmayaraq, lirik ab-hava, romantik çalar öz bədii və estetik gücünü itirmir. İncə zövq və həssas duyğuların harmoniyası sayəsində qarşımızdakı təsvir “möcüzəvi şəhər”ə çevrilərək qəlbimizi fəth edir. Rəssam Bakını ağuşuna alan Xəzərin mavi, firuzəyi sularının sakit dalğalarını, onun üzərində qıy vuran qağayıları, limana yanaşan gəmi və qayıqları da təsvir etməyi unutmur. Kətandan sonsuzluğa doğru uzanan şəhər mənzərəsinin ən gözəl elementi, yenilməzlik rəmzi olan Qız qalasıdır. Tarix qoxan abidələri, sərin mehi, hər bir qarışı min sirr ilə möhürlənən küçələri həvəslə işləyən fırça ustası öz obrazını da kompozisiyaya əlavə edir. Təəccüblü deyil ki, ömrünü sənətinə həsr edən rəssam elə yenə molbert üzərində yaradıcılıq eşqi ilə çalışarkən təsvir olunub. Məhz bu imza istedadlı rəngkarın təxəyyülünün özünəxas nümunəsi kimi kompozisiyanı uğurla tamamlayır.

Fikrət İbrahimlinin yaradıcılığında cansız və soyuq əşyaların ifadəsi də özünəməxsus yer tutmaqdadır. Onun bizə təqdim etdiyi məişət əşyaları, tərəvəz və meyvələr təmtəraqdan uzaq görkəmləri ilə tamaşaçıya keçmişlə bu günün arasında əlaqənin varlığını yansıdır. Səpələnmiş əşyaların ruhunu, fakturasını bədii ifadə dili ilə böyük ustalıqla çatdıran rəssam məharətlə fırça və rənglərin köməyi ilə səpələnmiş cansız əşyaların hissiyyatını, daxili və xarici görünüşünü, həyatla əlaqəsini bədii şəkildə ehtiva etməkdədir.

Fikrət İbrahimlinin əsərləri müxtəlif vaxtlarda sərgilərdə nümayiş etdirilib, mükafatlara layiq görülüb və ölkəmizlə yanaşı xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı