Parisdə Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən SİMPPAR sərgisində Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti ölkəmizi təmsil edib.
Zaqatala rayonunda fəaliyyət göstərən “Lecheq Farm & Distillery” MMC sərgidə təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullarını nümayiş etdirib. Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda və digər çöl çiçəklərindən hazırlanmış aroma yağlar ətir istehsalçılarının diqqətini cəlb edib. Bəzi mütəxəssislər Azərbaycan lavandası yağının xüsusi ətir nüansına malik olduğunu vurğulayıblar.
Fransanın ətriyyat üzrə mütəxəssisləri Azərbaycandan gələn bitki yağları ilə maraqlanaraq, əməkdaşlıq təklif ediblər. “Lecheq Farm and Distillery” şirkətinin nümayiş etdirdiyi 50 illik qızılgül yağı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
SİMPPAR ətriyyat sənayesi sahəsində Avropanın ən böyük peşəkar sərgisidir. 1-2 iyun tarixlərində keçirilən builki sərgiyə 100-dən çox ölkədən ətir sənayesi üçün xammal istehsal edən tanınmış brendlər qatılıb. Azərbaycan şirkətinin də dünyada tanınmış və aparıcı kosmetika, aromaterapiya sənayelərinin təbii xammal tədarükçüsünə çevrilməsi təsadüfi deyil. Respublikamızda hələ sovet dövründə istehsal olunan qızılgül yağı müxtəlif ölkələrə ixrac edilirdi.